RU

İqtisadçı Akif Nəsirli: Dollar sistemi həm ABŞ ın gücünə, həm də dünya miqyasında yaranmış etimada və vərdişə əsaslanır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Dollar sisteminin davam etməsi təkcə ABŞ-ın gücü ilə izah olunmur, amma bu güc mühüm rol oynayır. Əsas məsələ qlobal etimad və sistemin necə qurulmasıdır. ABŞ iqtisadiyyatı böyükdür, maliyyə bazarları çox inkişaf edib və dövlət istiqrazları dünyada ən etibarlı aktivlərdən sayılır. Buna görə ölkələr və banklar dollar saxlamağa meyllidir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ən vacib faktor etimaddır: “İnvestorlar və dövlətlər inanırlar ki, ABŞ-da qanunlar işləyir, müqavilələr qorunur və maliyyə sistemi sabitdir. Bu etimad olmadan heç bir valyuta qlobal ola bilməz”.

Akif Nəsirli

İqtisadçının fikrincə, digər mühüm məsələ “şəbəkə effekti”dir: “Dünya ticarətinin böyük hissəsi artıq dollarla aparılır, enerji və xammal qiymətləri dollarladır. Hamı istifadə etdiyi üçün dollar daha da güclənir və alternativlər üçün yer daralır. Eyni zamanda ABŞ-ın maliyyə bazarları çox dərin və likviddir. Dünyada heç bir ölkədə ABŞ kimi böyük və təhlükəsiz istiqraz bazarı yoxdur. Bu da digər ölkələrin valyutalarının qlobal səviyyəyə çıxmasını çətinləşdirir”.

“Başqa ölkələr niyə bunu edə bilmir, çünki bunun üçün bir neçə şərt eyni anda lazımdır: böyük və sabit iqtisadiyyat, güclü hüquq sistemi, açıq maliyyə bazarları və qlobal etimad.  Bir çox ölkədə bu amillər ya zəifdir, ya da tam formalaşmayıb”-deyən Akif Nəsirli qeyd edib ki, nəticədə dollar sistemi həm ABŞ-ın gücünə, həm də dünya miqyasında yaranmış etimada və vərdişə əsaslanır. Yəni təkcə güc deyil, eyni zamanda insanların və dövlətlərin ona inanması əsas rol oynayır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
86
50
bizimyol.info

10Источники