“Dövlət qulluğunda mükafatlandırma mexanizminin ləğvi ilə bağlı son dəyişikləri təkcə texniki əməkhaqqı islahatı kimi qiymətləndirmək doğru olmaz. Bunu idarəetmənin fəlsəfəsində müəyyən dönüş nöqtəsi kimi qiymətləndirmək lazımdır. Deyə bilərik ki, bir az gecikmiş, lakin zəruri bir qərardır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, dövlət qulluqçularının mükafatlandırılması bir çox halda heç də obyektiv deyildi:
“Uzun illər formalaşmış praktika göstərdi ki, dövlət qulluqçularına verilmiş mükafat hər nə qədər təşviq aləti kimi nəzərdə tutulsa da, real tətbiqdə bu mexanizm heç də həmişə obyektiv və ölçüləbilən meyarlar əsasında işləmirdi. Nazirlik və digər dövlət qurumlarında müşahidə etdiyim sistemik vəziyyət ondan ibarətdir ki, eyni vəzifədə çalışan şəxslər arasında mükafatların bölgüsü çox vaxt şəffaf olmayan yanaşmalarla həyata keçirilirdi. Açıq demək lazımdır, bəzi hallarda peşəkarlıqdan daha çox şəxsi münasibətlər və rəhbərliyə yaxınlıq faktoru rol oynayırdı. Kim rəhbərliyə daha yaxın idisə, onu “müvafiq məlumatlarla” təmin edirdisə, onların mükafatlandırılması tez-tez baş verirdi.
Hüquqşünas vurğulayıb ki, dövlət qulluğunda motivasiya mexanizminin olması vacibdir nüansdır:
“Bu baxımdan, mükafatların tam ləğvi müəyyən mənada sistemi təmizləyən qərardır. Dövlət qulluqçusu artıq bilməlidir ki, onun gəliri əlavə hansısa qərardan deyil, konkret normativ qaydalardan asılıdır. Amma məsələni yalnız bu prizmadan qiymətləndirmək doğru olmaz.
Təcrübə göstərir ki, istənilən idarəetmə sistemində motivasiya mexanizmi olmadan effektivlik uzun müddət qorunmur. Hansısa əlavə qiymətləndirmələr olmalıdır ki, işçidə dövlət qulluqçusu kimi motivasiya yaratsın. Əgər dövlət qulluğunda əlavə təşviq, dəstəkləyici alətlər tam aradan qaldırılsa və bunun əvəzində yeni ölçüləbilən, ədalətli performans mexanizmi qurulmasa, bu halda minimum fəaliyyət yanaşması qaçılmazdır”.
Ə.Nuriyev qeyd edib ki, bu sahədə aparılan yeni islahatlar davamlı və kompleks şəkildə aparılmalıdır:
“Qənaətim ondan ibarətdir ki, bonusların əvvəlki formada saxlanması düzgün deyildi. Yeni islahat tədbirini alqışlayıram. Lakin onların tam ləğvini son həll kimi qiymətləndirmirəm. Ən optimal yanaşma, maaş sisteminin saxlanması ilə yanaşı, şəffaf və hüquqi baxımdan dəqiq tənzimlənmiş performans əsaslı əlavə ödəniş mexanizmləri də yaradılmalıdır”.
Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Nazim Hacıyev
Telegram kanalımız