
Bayram günlərinin yaxınlaşması ilə regionlara üz tutanların sayı artmaqdadır. Xüsusilə Quba, Qusar, Qəbələ, Şəki, Lənkəran və Astara istiqamətləri daha çox seçilir. Bəs, bölgələrdə istirahət neçəyə başa gəlir?
Bu barədə Missiya.Az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, artıq hotellər bayram ərəfəsində müxtəlif proqramlar hazırlayıb və təbliğat işlərini gücləndiriblər.
Ekspert qeyd edib ki, bayram günlərində həm ölkə daxilində, həm də xaricdə istirahət edənlər olsa da, ənənəvi olaraq daxili turizm daha üstünlük təşkil edir.
Onun sözlərinə görə, ardıcıl 11 günlük qeyri-iş günləri vətəndaşlara daha geniş istirahət imkanı yaradır: “Bu müddət ərzində insanlar həm regionlara səfər edir, həm də qohum-dost ziyarətlərini həyata keçirirlər. Eyni zamanda, regionlarda yerləşən hotellər və kənd evləri də aktiv şəkildə turist qəbuluna hazırlaşır”.
C.Aşurov vurğulayıb ki, mövcud regional proseslər fonunda xaricə səfər edən vətəndaşların bir qismi də ölkə daxilində istirahətə üstünlük verə bilər ki, bu da daxili turizmə tələbatı daha da artıracaq. “Hazırda populyar istiqamətlərdə bir nəfərlik gündəlik istirahət qiymətləri, adətən yemək daxil olmaqla, 150–200 manatdan başlayır. Kənd evlərində isə qiymətlər 150 manatdan başlayaraq 500 manata qədər yüksələ bilər”, – deyə o əlavə edib.
Ekspert onu da qeyd edib ki, Gəncə istiqamətində qiymətlərdə ciddi artım müşahidə olunmur: “Gəncə turizm potensialına görə kifayət qədər əlverişli istiqamətdir. Burada həm otellər, həm də restoranlar münasib qiymətlər təklif edir. Digər regionlarla müqayisədə otel qiymətləri daha sərfəlidir və təxminən 80–100 manatdan başlayaraq 200–300 manata qədər dəyişir. Bu qiymətlərə səhər yeməyi də daxildir. Bundan əlavə, bu istiqamət üzrə əlverişli qatar nəqliyyatı da mövcuddur ki, bu da turist axınının artacağını deməyə əsas verir.
Seyranə QuliyevaMissiya.Az