RU

Mənzilindən küçəyə elektrik kabelləri çəkənlərə XƏBƏRDARLIQ

Ötən günlərdə Bakıda yaşayış binalarından birində baş verən yanğın yenidən təhlükəsizlik məsələlərini gündəmə gətirib. Hadisə ilə bağlı sakinlər bildirirlər ki, binada bir çox mənzildən küçəyə elektrik kabelləri çəkilərək avtomobillər enerji ilə təmin olunur.

Bu isə “bu cür qeyri-standart qoşulmalar yanğına səbəb ola bilərmi?” sualını aktuallaşdırır.

Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına, təlimatlara və normativ standartlara mütləq ciddi riayət olunmalıdır:

"Yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, bina bütün zəruri təchizatla təmin edilməlidir. İlkin odsöndürmə vasitələri, yanğın xəbərdaredici siqnalizasiya sistemləri, təxliyə yolları, evakuasiya planı, ehtiyat su çəni və təhlükəsiz keçidlər daim diqqətdə saxlanmalıdır. Yanğınsöndürən maşınlar iri ölçülü olduğu üçün onların binanın həyətində rahat hərəkətinə maneə yaradan heç bir əngəl olmamalıdır. Keçid yolları açıq saxlanmalı, ehtiyat su çəninə çıxış üçün şərait yaradılmalıdır. İlkin odsöndürmə vasitələri, yanğın siqnalizasiya sistemləri və avtomatik yanğınsöndürmə qurğuları hər zaman saz və işlək vəziyyətdə olmalıdır. Bu, vaxt itkisinin qarşısını almaq baxımından vacibdir, çünki itirilən hər saniyə yanğının genişlənməsinə səbəb ola bilər".

Ekspert qeyd etdi ki, binalarda elektrik qurğularına və şəbəkələrinə kənar müdaxilələrə yol verilməməlidir:

"Elektrik şəbəkəsinə qoşulan bütün cihaz və avadanlıqlar normativ tələblərə uyğun olmalı, müvafiq qurumlarla razılaşdırılmalı və texniki şərtlər əsasında quraşdırılmalıdır. Quraşdırma zamanı cihazların texniki xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Elektriklə işləyən avadanlıqların qeyri-peşəkar və ya kustar üsullarla qoşulması qızma, qısaqapanma və yanğın riskini artıran əsas amillərdəndir. Nəzərə almaq lazımdır ki, yanğınların böyük bir hissəsi məhz elektrik təsərrüfatında baş verir. Buna görə elektrik sistemləri daim saz vəziyyətdə saxlanmalı, normadan artıq yüklənməyə imkan verilməməlidir. Elektrik təsərrüfatında aparılan təmir və yenidənqurma işləri yalnız ixtisaslaşmış müəssisələr tərəfindən icra olunmalıdır".

Nuriyyə NATİQQIZI

Избранный
103
1
redaktor.az

2Источники