RU

İrəvan Bakının daha bir tələbini yerinə yetirir

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Postmüharibə dövründə qalib Azərbaycanın regionda davamlı sülhün təmin olunması üçün Ermənistan qarşısında qoyduğu daha bir haqlı tələb həllini tapmaq üzrədir. Söhbət Ermənistan konstitusiyasının dəyişdirlməsindən gedir. Bu günlərdə İrəvandan yeni konstitusiyanın layihəsinin mətninin artıq hazır olduğuna dair xəbərlər gəlib.

Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib. Onun sözlərinə görə, layihə Mülki Müqavilə Şurası və parlament fraksiyası tərəfindən müzakirə olunacaq. “Konstitusiyanın mətnini ən qısa zamanda dərc edəcəyik. Aydındır ki, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Bu o deməkdir ki, ictimaiyyətlə ünsiyyət qurmaq üçün daha çox vaxtımız olacaq”, - deyə Qalyan deyib.

Nazir əlavə edib k, məqsəd sənədin mətni ilə mümkün qədər çox vətəndaşın tanış olmasını təmin etməkdir.

Qalib Azərbaycanın əbədi sülh istəyi

Bu gün dünyada müşahidə edilən kataklizmlər, Yaxın Şərqi və Şərqi Avropanı bürüyən dəhşətli müharibələr fonunda sülhün, təhlükəsizliyin önəmi daha aydın şəkildə dərk olunur. Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrinin ağır fəlakətlərini yaşayan ölkədir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başlayan otuz illik işğal dövründə biz humanitar fəlakətlə üzləşmişik, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımız çadırlarda, vaqonlarda, uyğun olmayan yarımçıq tikililərdə yaşamaq məcburiyyətində qalıblar. Şəhidlər vermişik. İşğal altına düşən şəhər və kəndlərimiz, tarixi abidələrimiz vəhşicəsinə dağıdılıb, təbii sərvətlərimiz talanıb. Buna görə də xalqımız, ölkəmiz üçün sülh hər şeydən qiymətlidir. Prezident İlham Əliyev bu günlərdə paytaxtımızda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda baş tutan  XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bir daha Azərbaycan dövlətinin sülh istəyinə diqqət çəkərək bildirib ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. “Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qalib Azərbaycan sülh niyyətində olduğunu İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra bütün dünyaya bəyan etdi. Bunun təsdiqi olaraq Azərbaycanın qarşı tərəfə göndərdiyi 5 bənddən ibarət sülh paketi beynəlxalq norma və prinsiplərə istinad olunmaqla hazırlanmışdı. Burada Azərbaycan qalib dövlət olaraq hansısa bir imtiyazlardan çıxış etməmişdi ki, bu da ölkəmizin sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir.  Bundan sonra sülhyaratma prosesinə start verildi. Təəssüf ki, yenə də Ermənistanın və bu dövlətin xaricdəki havadarlarının manipulyasiyalara əl atmaları səbəbindən sülhyaratma prosesi rəvan şəkildə irəliləmədi və müəyyən zaman itkisinə yol verildi. Ancaq nəticə etibarı ilə Azərbaycanın iradəsi qalib gəldi və sülhyaratma prosesini ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmalaradək irəlilətmək mümkün oldu. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnində əsas müddəalardan biri məhz ərazi bütövlüyü ilə bağlıdır. Beləliklə də, qalib Azərbaycanın tarixi ədalətə və dünyada qəbul olunan hüquq normalarına əsaslanan sülh gündəliyi beynəlxalq səviyyədə təsdiqini tapdı və təqdir olundu.

Sülh yolunda əsas maneə - Ermənistanın mövcud konstitusiyası

Vaşinqton görüşündən sonra onilliklər ərzində işğalçılıq siyasətindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında yeni bir dönəm başlayıb. Son yeddi ayda Ağ Evdə, dünyanın bir nömrəli ofisində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. O cümlədən otuz il ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa bir töhfə verməyən ATƏT-in Minsk qrupu prosedur qaydalarına uyğun olaraq ləğv edilib və tarixin arxivinə göndərilib.

İndi region Azərbaycanın iradəsi və yaratdığı reallıqlar sayəsində heç vaxt olmadığı qədər sülhə yaxındır. Daha dəqiq desək, hazırda bölgədə real sülh şəraiti var və etimad quruculuğu yolunda addımlar atılır. O cümlədən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin Bakıda və İrəvanda görüşləri keçirilir. Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.

Bu kimi müsbət irəliləyişlər fonunda, hazırda yekun sülh sazişinin imzalanması yolunda yeganə maneə Ermənistanın indiki - qüvvədə olan konstitusiyasının məzmunudur. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Yeri gəlmişkən, Ermənistanın mövcud konstitusiyasının məzmununun sülh prosesi ilə adekvat olmadığı qonşu ölkənin özündə də etiraf olunur. Baş nazir Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu, çünki bunun münaqişəyə səbəb olacağını bildirib.

Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
1
yeniazerbaycan.com

2Источники