RU

“Ərəb NATO-su” yaranır?

Ümumərəb hərbi kontingentinin yaradılması ideyası irəli sürülür

Regional təhlükəsizlik amili bu gün ön plana çıxmaqdadır. Davam edən bir sıra kataklizmlər fonunda bu məsələ bütün regionlar üçün keçərlidir. Məsələn, Avropanın təhlükəsizliyinə NATO-nun cavabdeh olması amili “köhnə qitə” üçün olduqca mühüm bir üstünlük qazandırır. Kollektiv müdafiə prinsipləri bu immuniteti daha da artırır. Yeri gəlmişkən, Azərbaycan da hər zaman regional təhlükəsizlik məsələsini bir nömrəli məsələ kimi görüb. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müdafiə strtukturunun formalaşdırılması ilə bağlı təkliflər səsləndirir. Yeni qlobal nizaimda iqtisadi sabitliyin qorunması, ticari imkanların genişləndirilməsi, funksional proseslərin davamlı hal alması alması üçün təhlükəsizlik indeksi yüksək səviyyədə olmalıdır. Görünən budur ki, artıq başqa bölgələr də kollektiv təhlükəsizlik amilini prioritet xətt olaraq qəbul edir.

Birləşmiş müdafiə sistemi...

Belə ki, Ərəb Dövlətləri Liqası (ƏDL) İranın Fars körfəzi ölkələrinə zərbələri fonunda ümumərəb hərbi kontingentinin yaradılması ideyasını araşdırır. Məlumatı təşkilatın baş katibinin müavini Hüssam Zəki Misirin “Ash-Shorouq” portalına açıqlayıb: “Bu təşəbbüs bu yaxınlarda Misirdə yenidən ortaya çıxıb, çünki ilk dəfə 2015-ci ildə ümumərəb qüvvələrinin yaradılmasını təklif edən Misir prezidenti Əbdülfəttah əs-Sisi olub. ƏDL olaraq biz bu məsələni araşdırırıq və növbəti iclasda yenidən müzakirəyə çıxarmağa hazırıq”.

Təşkilat rəsmisi qeyd edib ki, İranın ƏDL ölkələrinə davam edən zərbələri ərəb dövlətlərini birgə silahlı qüvvələrin yaradılmasını müzakirə etməyə sövq edib: “Hər bir ərəb dövlətinin təcavüzə uyğun hesab etdiyi və lazımi vaxtda cavab vermək üçün qanuni hüququ var və ƏDL bu hüququ tam dəstəkləyir”.

Martın 15-də Misir xarici işlər naziri Bədr Əbdül Ata Əmirlik həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşündə İranın Fars körfəzindəki ərəb dövlətlərinə hücumlarının “müdafiəolunmaz” olduğunu bildirib. O, həmçinin BƏƏ-dəki həmkarına “bütün ərəb ölkələri üçün kollektiv təhlükəsizlik konsepsiyasını birgə hazırlamağı” təklif edib, lakin bunun nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Ərəb liqasının hərbi “ayağı”...

Ərəb Dövlətləri Liqası Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılıb. Hazırda 22 üzvü olan bu nüfuzlu regional təşkilatın əsas məqsədi üzv dövlətlər arasında siyasi, iqtisadi, mədəni və sosial əməkdaşlığı gücləndirmək, ərəb dünyasının ortaq maraqlarını müdafiə etmək və regional sabitliyə töhfə verməkdir. Liqa çərçivəsində müxtəlif sahələr üzrə şuralar və komitələr fəaliyyət göstərir ki, bu da üzv dövlətlər arasında koordinasiyalı siyasətin formalaşdırılmasına imkan yaradır.

Qeyd edək ki, ƏDL-in sturukturuna aşağıdakı orqanlar daxildir:

- ƏDL Şurası

- Komitələr

- Baş Katiblik

- İnstitutlar və təşkilatlar

- İqtisadi məsələlər üzrə Şura

- Birləşmiş müdafiə Şurası

- Daimi hərbi komissiya.

Göründüyü kimi, birgə müdafiə sistemi şura şəklində fəaliyyət göstərir. Qeyd edək ki, 1950-ci ildə Liqa üzvləri Qarşılıqlı Müdafiə və İqtisadi Əməkdaşlıq haqqında Müqavilə imzalayıb. Bu müqavilə bir və ya daha çox üzv ölkəyə silahlı hücumu hamıya hücum kimi nəzərdən keçirən fundamental sənəddir. Bundan başqa, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) daxilində “Yarımada Qalxanı” birgə qüvvələri formalaşdırır. Bunun fonunda əməkdaşlıq prinsipləri yalnız sənəddə öz əksini tapır - real olaraq əməkdaşlıq tez-tez ərəb ölkələri arasındakı siyasi fikir ayrılıqları səbəbi ilə mümkün olmur. Paralel olaraq bir çox ərəb dövləti ABŞ və ya digər Qərb gücləri ilə ikitərəfli müdafiə müqavilələrinə üstünlük verirlər. Qeyd edək ki, hələ 29 mart 2015-ci ildə Liqanın 26-cı sessiyasında təşkilata üzv dövlətlərin dövlət başçıları təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə aparmaq üçün vahid regional silahlı qüvvələr yaratmaq barədə razılığa gəlmişdilər. 2021-ci ilin dekabrında isə Körfəzin ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt və Bəhreyn liderlərinin sammiti çərçivəsində imzalanan Birgə Bəyannamədə vahid müdafiə və təhlükəsizlik sisteminin yaradılması məsələsi öz əksini tapmışdı. Sənəddə qeyd olunurdu ki, Yaxın Şərqdə silahlı münaqişələrin qarşısının alınması, problemlərin həlli istiqamətində əməkdaşlıq da möhkəmlənəcək. Bəyannamədə deyilirdi ki, Körfəzin ərəb ölkələrinin hər hansı birinə qarşı hərbi təcavüz bütün digər üzv ölkələrə olan hücum kimi qiymətləndiriləcək.

Ən böyük ordular...

Ərəb Liqasına daxil olan ölkələr arasında hərbi güc baxımından bir neçə dövlət xüsusilə seçilir. Bu ölkələr həm ordu sayı, həm silahlanma səviyyəsi, həm də hərbi büdcə baxımından regionun əsas hərbi gücləri hesab olunur. Təsnifatlandırılan zaman Ərəb Liqası ölkələrinin ordu modelləri 3 istiqamət üzrə müəyyənləşir:

- Əhali əsaslı böyük ordular ( burada Misir, İraq, Əlcəzair dövlətləri daha çox ön plana çıxır)

- Maliyyə və texnologiya əsaslı ordular (burada Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər önə çıxır)

- Regional müdafiə orduları (burada Mərakeş, İordaniya, Tunis önə çıxır)

Global Firepower (GFP) 2025 reytinqinə görə, Misir, Səudiyyə Ərəbistanı və Əlcəzair ən yüksək hərbi gücə malik ərəb ölkələridir. Misir regionda birinci (qlobal miqyasda 19-cu), Səudiyyə Ərəbistanı ikinci (20+), Əlcəzair isə üçüncü (qlobal miqyasda 26-cı) yerdədir. İraq (qlobal miqyasda 43-cü) və BƏƏ də ilk sıralarda yer alır.

Kim nə qədər pul xərcləyir?

Misir ordusu ərəb dünyası ilə yanaşı Afrika qitəsində ən güclü ordu hesab olunur. Ordunun təxminən 440 min - 450 min aktiv xidmət personalı və ümumilikdə 1,2 milyondan çox şəxsi heyəti var. Əsas qüvvələr quru qüvvələri, aviasiya və hava hücumundan müdafiədən ibarətdir. Ordu müxtəlif təchizatçılardan (ABŞ, Rusiya, Fransa) silah alaraq aktiv şəkildə modernləşdirilir. Misirin hərbi xərclər 2023-cü ildə 3167,20 milyon dollar olub. 2024-cü ildə isə bu rəqəm 2396,20 milyon dollara düşüb. 2025-ci ildə rəqəmin 5 milyardı ötdüyü bildirilir.

Səudiyyə Ərəbistanının isə ərəb dünyasının ən genişmiqyaslı hərbi büdcəsinə malik ölkəsidir. 2025-cı ildə hərbi büdcə təxminən 78 milyard dollar təşkil edib.

BƏƏ-nin 2025-ci il üçün müdafiə büdcəsi güclü artım nümayiş etdirib. Müdafiə xərcləri 2025-ci ildə təxminən 24 milyard ABŞ dollarına yaxın olub. bu da geniş hərbi modernləşdirmə ilə bağlıdır. Qətərin 2025-ci ildəki hərbi büdcəsi 9,4 milyard dollar olub.

Digər dövlətlərə nəzər salsaq, İraqda təxminən bu rəqəm 6 milyard dollar, İordaniyada 2,6 milyard dollar, Livanda 1 milyard dollardan azdır.  Hərbi məsələləri araşdıran ixtisaslaşmış tədqiqat mərkəzləri ərəb ölkələrinin 2025-ci ildəki ümumi hərbi xərclərini 165 milyard dollar olaraq qiymətləndirirlər.

P.İSMAYILOV

Избранный
46
1
yeniazerbaycan.com

2Источники