RU

Qəbələdə Novruz tonqalını “Dədə Qorqud” alovlandırıb

Qəbələ, 18 mart, AZƏRTAC

Qəbələ rayonunda təşkil edilən ümumrayon Novruz şənliyində Milli Məclisin deputatı, rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və şəhərimizin qonaqları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə, o cümlədən Qəbələ rayonunda aparılan sosial-iqtisadi inkişafın bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, tariximizi və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı ilə Ramazan bayramının eyni gündə və artıq 6-cı ildir ölkəmizdə qalib bir xalq kimi qeyd edildiyini diqqətə çatdıraraq, şənlik iştirakçılarını və bütün qəbələliləri bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Milli Məclisin deputatı Elşən Musayev bu il həm Novruz, həm də Ramazan ayının eyni dövrə təsadüf etməsinin xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını və bu iki dəyərin cəmiyyətimizdə birlik və həmrəyliyi daha da gücləndirdiyini qeyd edib.

Bayram tədbirinə faytonla gələn ululuq və ağsaqqallıq rəmzi sayılan “Dədə Qorqud”, yazın müjdəçisi olan “Bahar qızı” bayram tonqalını yandırıb, iştirakçıları təbrik edərək xalqımıza bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb, bu şad gündə el-obanı birliyə, həmrəyliyə çağırıblar.

Daha sonra rayonun xalq sənətkarlarının əl işləri, dekorativ tətbiqi-sənət və rəsm əsərləri, Qəbələnin emal müəssisələrində istehsal edilən sənaye və ərzaq məhsulları, bayram şirniyyatları və Novruz xonçalarından ibarət sərgiyə baxış keçirilib. Çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış şənlikdə Novruzun əsas personajları olan Kosa və Keçəlin, “Zopu-Zopu”, “Gülbuta” və “Gülüstan” etnoqrafik folklor qruplarının bir-birindən maraqlı çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.

Novruz atributları ilə bəzədilən bayram tədbiri konsert proqramı ilə davam edib.

Müxbir - Rasim İslamoğlu

Избранный
38
azertag.az

1Источники