Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Bağlanan verilişlərə baxan əlbəttə ki, tamaşaçılardır. Yəni onlar baxmasa, tələbat olmasa, bu verilişlər də o qədər irəli gedə bilməzdilər. Əlbəttə kökündən kəsib atmağın da tərəfdarı deyilik. Əslində o verilişlərin bəzilərində, məsələn Lalə Azərtaşın verilişində yaxud da ki, Xoşqədəm Hidayətqızının verilişində çox faydalı işlər görürdülər. Həqiqətən də insanlara yararlı verilişlər idi”.Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət deyib.O bildirib ki, sadəcə olaraq o seçilən üslub narahatlıq və narazılıq doğurur:“Yəni emosional tərzdə, bir qədər də insanların emosiyaları ilə manipulyasiya edərcəsinə veriliş aparılması doğru bir şey deyil. Məsələn, mən onların hər ikisini tanıyıram Lalə xanımı da, Xoşqədəm xanımı da. Kifayət qədər potensiallı jurnalistlərdir, potensiallı aparıcılardır. Yəni onların bu tip verilişləri daha intellektual səviyyədə aparmaq imkanları əslində var. Amma niyə bunu etmirdilər? Onların da cavabları bu olurdu ki, tamaşaçı bunu istəyir. Əslinə qalanda, həmişə demişəm ki, tamaşaçı zövqünü biz özümüz korlayırıq. Yəni televiziyaların özləri korlayırlar. Biz tamaşaçını elə yetişdirə bilərik ki, daha yüksək səviyyəli verilişlərə baxa bilərlər və bunu istəyənlər də milyonlarladır. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar, jurnalistikadan xəbəri belə olmayan insanlar gəlir aparıcılıq eləyir. Yəni bu cür verilişləri gətirib çıxarırlar bax bu cür səviyyəyə. Və o da əlbəttə ki, tamaşaçı zövqünün korlanmasına əlavə stimul verir, nəticə etibarilə itirən də cəmiyyət olur.İndi bu verilişlər bağlanır. Düşünürəm ki, onların ideyaları, hamısının yox, bəzilərinin, məsələn "Səni axtarıram" ideyası əla ideyadır. Pis deyil, onu qorumaq, saxlamaq və hətta davam etdirmək lazımdır, şəxsən düşünürəm. Lalə Azərtaşın da ideyası pis ideya deyil. Sadəcə yanaşmanı dəyişmək, üslubu dəyişmək lazımdır”.O diqqətə çatdırıb ki, çığır-bağır salan adamları efirə çağırmaq olmaz:“Həqiqətən də normal ekspertlər dəvət etmək, normal müzakirələr təşkil etmək olar. Mən həmişə müqayisə üçün deyirəm ki, Nailə İslamzadənin bir vaxtlar Dövlət Televiziyasında (AzTV-də), hələ alternativlər çox olmayan vaxtlarda "Ailələr, Talelər" verilişi var idi. O qədər gözəl veriliş idi ki, təsəvvür edin ki, aradan on illər keçib, mənim kimi bir tamaşaçı hələ də o verilişi unuda bilmirəm. Çox populyar veriliş idi. Nə qədər ona məktublar gəlirdi, məktublar efirdən oxunurdu və həqiqətən də çox yüksək səviyyəli bir veriliş idi və bu günə kimi də yaddaşlarda qalır. Amma"bozbaş" dediyimiz verilişlər bugün efirdən çıxar, əksəriyyəti sabah yada belə düşməyəcək. Artıq keyfiyyət dəyişikliyinə getmək zərurəti yaranıb və bu zərurətə uyğun olaraq da addımlar atılmalıdır. Əlbəttə, indi suallar verilir həmişə ki, bu verilişləri efirə buraxan kimdir və s. Bunlar hamısı bəlli məsələlərdir. Yəni efirin yiyəsi var da, bu sahibsiz deyil ki? Audiovizual Şuradan tutmuş televiziyaların öz rəhbərlərinə qədər, hər kəsin burda məsuliyyət payı var. Və o məsuliyyətə uyğun da davranmaq lazım idi. Davranırlar, amma gecikiblər, xeyli gecikiblər. Nəticə etibarilə milyonlarla tamaşaçının zövqü korlanıb.İndi bundan sonrakı mərhələdə o korlanmış zövqü bərpa etmək lazım gələcək. Ardından da əlbəttə ki, artıq daha zövqlü tamaşaçılar üçün daha uyğun, daha üstün verilişlər təqdim etmək lazım olacaq. Yenə deyirəm ki, orda hamısı haqqında deyə bilmərəm, amma Lalə Azərtaşı da yaxşı tanıyıram, Xoşqədəm Hidayətqızını da uzun illərdir, on illərdir tanıyıram, potensiallarına bələdəm. Bilirəm ki, onlar daha zövqlü verilişlərlə efirə qayıda bilərlər. Yəni onlar televiziyalara və tamaşaçılara faydalı ola bilərlər”.Qeyd edək ki, bir müddətdir ki, yerli telekanallarda yayımlanan bir sıra bayağı verilişlərin dayandırılması ilə bağlı qərarlar qəbul edilir. Bu çərçivədə ARB TV kanalında da kadr və proqram siyasətində dəyişikliklərin aparıldığı bildirilir. Məlumata görə, tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır. Bununla yanaşı, aparıcı Lalə Azərtaşın proqramının da efirdən çıxarılacağı iddia olunur. Sözügedən dəyişikliklərin telekanallarda yayımlanan kontentin keyfiyyətinin artırılması məqsədi daşıdığı bildirilir.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.