RU

Deputat: "İranda nəsə baş verəcəksə, əminəm ki, Azərbaycan xalqının dövlət qurmaq istedadı öz tarixi keyfiyyətini sosial-siyasi müstəvidə təzahür etdirə biləcək"

"Azərbaycan xalqının İran coğrafiyasında çoxminillik dövlətçilik tarixi var. İranda nəsə baş verəcəksə, əminəm ki, Azərbaycan xalqının dövlətçilik şüuru və dövlət qurmaq istedadı öz tarixi keyfiyyətini sosial-siyasi müstəvidə təzahür etdirə biləcək".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, müasir Azərbaycan xalqının etnogenezində iştirak etmiş kutilər, kimmerler, medler, mannalılar uzun əsrlər boyu İran coğrafiyasında çoxyüzillik dövlətlər, imperiyalar qurublar və öz tarixi coğrafiyalarında həmişə dövlətin davamlılığını təmin ediblər: "Buna görə də Azərbaycan xalqının ümummilli təfəkküründə dövlətçilik təfəkkürü var. Dövlətçilik təfəkkürü istənilən vəziyyətdə xalqın mərkəzi nüfuz ətrafında birləşməsini təmin edir. Belə olmasaydı, biz Səfəvilər, Əfşarlar, Qacarlar kimi böyük imperiyaları qura bilməzdik. İran ərazisi Ağqoyunluların ərazisi olub. Təbriz Qaraqoyunlu Qara Yusifin paytaxtı olub. Nə qədər desəniz, o qədər sadalaya bilərik. Çünki İran tarixi coğrafiya olaraq digər başqa xalqlarla bərabər biz Azərbaycan türklərinin də coğrafiyasıdır. Bu gün də İran tarixi coğrafiyasında əhalinin mütləq əksəriyyəti Azərbaycan, türkmən, xələc, qaşqay, xorasan, əfşar türklərindən ibarətdir. Bunların hamısı tarix boyu həmişə vahid dövlət ətrafında birləşə biliblər. Düşünürəm, sırf bu kontekstdə azərbaycanlıların dövlət yaratmaq istedadı çox aydın görünür. Öz çıxışlarının birində cənab Prezident İlham Əliyev demişdi ki, Azərbaycan dövlət qurmaq istedadına malikdir. Bu istedad hansı tarixi coğrafiyada olmasından asılı olmayaraq Azərbaycan xalqının milli etnik keyfiyyətidir".

 

Aytəkin Qardaşova

Tarix: 18 Mart 2026, 12:40   
Избранный
42
pravda.az

1Источники