“Əli Laricaninin ortadan qaldırılması ilə onu əvəz edəcək birinin tapılması asan olmayacaq. Bir çox müxtəlif qruplar çıxacaq və fərqli şəxsiyyətlər üzərində dayanacaqlar...”
“Baş komandanının öldürülməsi ilə “Bəsic”çilər arasında da ciddi çaxnaşma yaranacaq və nəticədə İranın yuxarıda bəhs etdiyim “yumşalma” prosesi daha aktivləşəcək...”
“ABŞ istəsə, İrana quru qoşunlarıyla hərbi müdaxilə üçün də onlarla əsas tapa bilər və nə yazıq ki, bu bəhanələri ona rəsmi Tehranın özü verib...”
“İranın işğalının ikinci mərhələsi İraq savaşında olduğu kimi 13 il sonra başlamayacaq. Böyük ehtimalla, 2-3 ildən sonra Tramp hakimiyyətinin sona yaxınlaşdığı bir zamanda baş verəcək...”
“İran bundan sonra da öz inadkarlığını davam etdirsə, bölünəcək. Yox, əgər yumşalıb ABŞ-la əməkdaşlığa razı olacaqsa, federallaşacaq...”
Artıq İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin də qətlə yetirildiyi haqda xəbərlər rəsmən təsdiqləndi. Görəsən, ABŞ-İsrail cütlüyünün İran rejiminin dini-siyasi və hərbi liderlərini ardıcıl şəkildə qətlə yetirmək kimi beynəlxalq qanunlara zidd bir taktikası onları tezliklə məqsədlərinə çatdıracaqmı? Yəni təəssüf ki, 50 ilə yaxın müddətdə öz xalqının, xüsusən də Azərbaycan türklərinin hüquqlarını tapdayan, dinc etirazçıları belə, kütləvi şəkildə qətlə yetirən teokratik rejim yaxın müddətdə çökəcəkmi?..

Siyasi şərhçi Heydər Oğuz mövzu ilə Moderator.az-a açıqlamasında bildirib ki, ABŞ-ın xarici ölkələrdə apardığı hərbi əməliyyatları əsasən 2 mərhələdə həyata keçirilir:
“İlk mərhələdə hədəfə alınan rejimlərin hərbi qüdrətləri ciddi ölçüdə budanır, ən mühüm iqtisadi gəlir mənbələri ələ keçirilir və onlar bir müddət tamamilə çöküş üçün sərbəst buraxılır. İkinci mərhələdə isə tamamilə çökmüş ölkələr kiçik bir həmlə ilə ələ keçirilir. İraqın işğalı bunun ən bariz örnəyidir. Bilirsiniz ki, 2 avqust 1990-cı il tarixində başlayan I Körfəz savaşında ABŞ və koalisiya qüvvələri İraq qoşunlarını işğal olunmuş Kuveytdən çıxardı və İraqın şimalında uçuşa yasaq bölgə elan etdi. Beləcə, İraqın Fars körfəzinə çıxışının qarşısı kəsildi və İraqın şimalında məskunlaşan separatçı kürdlər silahlandırılaraq növbəti mərhələyə - II Körfəz savaşına hazırlandılar. II Körfəz savaşı isə 13 il sonra başladı. 2003-cü ilin 20 Mart tarixində başlayan bu savaşda cənubdan ABŞ və koalisiya qüvvələri, şimaldan isə kürd separatçıları hərəkətə keçib İraqı rahatlıqla işğal etməyi bacardılar. Mən məhz bu səbəbə görə I Körfəz savaşına Səddam rejimini yumşaltma, II Körfəz savaşına isə Səddam rejimini tamamilə şumlama mərhələsi deyirəm. Bilirsiniz ki, aqronomlar sərt torpağı əkinə yararlı hala gətirmək üçün əvvəl onu xüsusi gübrə və su vasitəsilə yumşaldır, sonra şumlayırlar. ABŞ da İraqı bu iki mərhələli çözüm yolu ilə istismara yararlı hala gətirmişdi. İndi eyni siyasəti İran üzərində həyata keçirir. Bu gün İranda apardığı müharibə sadəcə yumşaltma prosesidir. Məhz o səbəbdən, İranla müharibəyə daha az quru qüvvələri gətirib. Cəmi 5-10 min əsgərlə İranın tamamını ələ keçirmək mümkün deyil. Deməli, məqsəd onun həyati önəm daşıyan ərazilərini ələ keçirmək və “yumşalmasını” gözləməkdir. Bunun üçün isə ilk növbədə İranın əsas gəlir mənbəyi sayılan neft bazalarını ələ keçirmək lazımdır. Məlumdur ki, İran neftinin 90%-i Fars körfəzinin şimalında yerləşən Xarq adasından tankerlərə yüklənir. Oranın ələ keçirilməsi və ya tamamilə istifadəyə yararsız hala gətirilməsi İranın iqtisadi cəhətdən çöküşünü tezləşdirə bilər. Ələ keçiriləsi digər sahə isə Hörmüz boğazını və bu boğaz üzərində yerləşən Bəndər Abbas limanıdır. ABŞ bu əraziləri ələ keçirsə, İran qısa müddət ərzində tamamilə yumşalmış və “şumlanmağa” hazır vəziyyətə düşəcək. Növbəti mərhələdə onu tamamilə ələ keçirmək mümkün olacaq.
Mənin fikrimcə, İranın işğalının ikinci mərhələsi İraq savaşında olduğu kimi 13 il sonra başlamayacaq. Böyük ehtimalla, 2-3 ildən sonra Tramp hakimiyyətinin sona yaxınlaşdığı bir zamanda baş verəcək. Bunun üçün isə ABŞ və İsrail cütlüyü İranın etnik mozaikası ilə oynamağa çalışacaq. İlk növbədə kürd qüvvələrini separatizmə həvəsləndirərək Azərbaycan türklərini hərəkətə gətirəcək, etnik bölünmələrlə İranı bir neçə yerə bölünmənin astanasına gətirəcək. İran bundan sonra da öz inadkarlığını davam etdirsə, bölünəcək. Yox, əgər yumşalıb ABŞ-la əməkdaşlığa razı olacaqsa, federallaşacaq”.
Heydər Oğuzun fikrincə, ABŞ-ın olduqca az qüvvə ilə İran savaşına başlamasının səbəbi də bu ikili planla bağlıdır:
“Məlumdur ki, İrandan qat-qat zəif və ərazi olaraq isə 4 qat kiçik olan İraqın işğalı üçün 400 mindən çox əsgər səfərbər edilmişdi. İranın işğalını isə bir neçə minlik quru qüvvəsi ilə həyata keçirmək istəyir. Deməli, məqsədi tamamilə işğal deyil, işğala hazırlamaqdır. Fikrimcə, ABŞ İranı daxili qüvvələrin əliylə ram edəcək”.
O ki qaldı vaxtaşırı sui-qəsd əməliyyatları ilə İranın siyasi və hərbi rəhbərlərinin zərərsizləşdirilməsinə, Heydər Oğuz bunu da mərhələli işğal taktikasının bir tələbi olduğuna inanır:
“Bilirsiniz ki, dünənə qədər əsasən İran siyasi və hərbi rəhbərliyinin əsasən 1 nömrələri məhv edilirdi. Amma bu, problemin tam həllinə aparmırdı. Çünki onları əvəz edən yeniləri tapılırdı. Ona görə də İranın idarə olunmasında və qorunmasında həlledici mövqe tutan kadrların məhvinə keçildi. Dünən öldürülənlər arasında iki önəmli şəxs vardı. Bunlardan biri İranın siyasi idarəetmə orqanının beyni sayılan Laricani idi. Onun öldürülməsi ilə faktiki İrana beyin iflici yaşadılmış oldu. Bundan sonra yəqin ki, İran siyasi hakimiyyətində ciddi parçalanmalar yaşanacaq. Çünki ölkənin faktiki lideri Müctəba Xamenei ortalıqda yoxdur. Ondan sonra ölkəni idarə edən şəxs isə Əli Laricani idi. Əli Laricaninin ortadan qaldırılması ilə onu əvəz edəcək birinin tapılması asan olmayacaq. Bir çox müxtəlif qruplar çıxacaq və fərqli şəxsiyyətlər üzərində dayanacaqlar. Yeni təyinatın isə mənəvi legitimlik problemi meydana gələcək. Belə ki, Laricanini o vəzifəyə keçmiş dini lider təyin etmişdi. Yeni dini liderin isə heç özündən də xəbər yoxdur. Onun adından kiminsə bu mühüm posta gətirilməsi istər-istəməz mübahisələrə yol açacaq və siyasi idarəetmədə bölünmələrin əsası qoyulacaq...
Dünən öldürülən digər şəxs isə SEPAH-ın ən əsas qollarından olan “Bəsic”-in baş komandanı general-mayor Qulamrza Süleymaniydi. Onun xüsusilə qurban seçilməsi də təsadüfi deyil. Çünki SEPAH-ın ən çox şəxsi heyəti olan qrup “Bəsic”dir. Bəzi iddialara görə, bu ordu birləşməsinin tərkibində 100 minlərlə, hətta milyondan çox könüllü var. Üstəlik, “Bəsic” gücləri ölkənin daxili təhlükəsizliyindən də məsuliyyət daşıyırlar. Baş komandanının öldürülməsi ilə “Bəsic”çilər arasında da ciddi çaxnaşma yaranacaq və nəticədə İranın yuxarıda bəhs etdiyim “yumşalma” prosesi daha aktivləşəcək”.

ABŞ-İsrail cütlüyünün İranda keçirdiyi hərbi əməliyyatların hüquqi əsaslarına gəlincə, Heydər Oğuzun fikrincə, beynəlxalq hüquq yaxşı işləyən dünya düzənlərində olur:
“Müsair çağımızda isə ənənəvi dünya düzəni dağılıb və yenisi yaranmayıb. Məhz bu səbəbdən də dünyanın müxtəlif coğrafiyalarında müharibələr gedir. Beynəlxalq hüququn ən böyük vəzifəsi əslində savaşların qarşısını almaqdır. Əgər hər gün müxtəlif coğrafiyalardan müharibə xəbərləri gəlirsə, belə çıxır ki, beynəlxalq hüquq ciddi şəkildə sarsılıb və ya ümumiyyətlə, yox olub. Bu cür vəziyyətlərdə kimin haranısa işğalında legitimlik axtarılmır. Ən böyük legitimlik gücdür. ABŞ isə dünyanın ən güclü dövlətidir. Deməli, həm də indiki dövr üçün ən hüquqlusudur. Üstəlik, Trampın daşdan keçən arqumenti də var: “İran nüvə silahına sahib olmaq istəyir və bu həm regionun, həm də dünyanın təhlükəsizlik arxitekturasını təhdid edir”. Ayrıca, İrandakı rejim öz xalqına qarşı da düşməndir və adi etiraz aksiyasını yatırmaq üçün, bəzi məlumatlara görə, 30 mindən çox insanı qətlə yetirib. Müasir beynəlxalq hüquq öz xalqını kütləvi qətlə yetirən rejimləri devirmək üçün hərbi müdaxiləyə də icazə verir. Yəni demək istəyirəm ki, ABŞ istəsə, İrana quru qoşunlarıyla hərbi müdaxilə üçün də onlarla əsas tapa bilər və nə yazıq ki, bu bəhanələri ona rəsmi Tehranın özü verib...”
Təqdim etdi:
Sultan Laçın