RU

Xəzərdə qan qoxusu: ABŞ-dən Bakıya təcili dəstək çağırışı

Birləşmiş Ştatlar regionda gərginliyin artdığı vaxtda Azərbaycana patrul katerlər verəcək; dəniz təhlükəsizliyinin gücləndirilməsi səs-küy yaratmaya bilər, lakin Rusiya və İranın strateji planlarını çətinləşdirəcək

ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana səfərinin bir detalı var ki, strateji əhəmiyyətinə baxmayaraq, mediada kifayət qədər diqqət çəkməyib. O, Bakıda olarkən bəyan edib ki, ABŞ Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərəcək və xüsusilə Xəzərdə istifadə oluna biləcək katerlərdən danışıb. İlk baxışda bu addım kiçik görünə bilər, lakin belə bir öhdəlik ciddi geosiyasi nəticələrə səbəb ola bilər. Çünki təhlükəsiz Xəzər olmadan regiondakı nəqliyyat marşrutları effektiv işləyə bilməz.

Bu barədə Lyuk Koffe Hudson İnstitutunun baş elmi əməkdaşı məqalə yazıb (Day.az). Məqalədə bildirilir ki, Xəzər bu regionda həm hərbi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyıb. Bu gün isə Avropa enerji mənbələrini şaxələndirməyə çalışdığı və region ölkələri ticarət marşrutlarını Rusiya və İrandan yan keçməklə genişləndirmək istədiyi üçün Xəzərin əhəmiyyəti daha da artacaq. Ekspertin fikrincə, son illərdə amerikalı siyasətçilər Xəzər hövzəsinin geosiyasi əhəmiyyətini indi daha aydın dərk edirlər və xüsusilə Xəzərin təhlükəsizliyinin təmin olunması sahəsində imkanlarını gücləndirmək üçün addımlar atırlar.

Məqalədə qeyd olunur ki, ABŞ dost ölkələrin - xüsusilə Azərbaycan kimi tərəfdaşların - dəniz təhlükəsizliyi və dəniz situasiyasının monitorinqi sahəsində imkanlarını gücləndirmək istəyirsə, ilk növbədə amerikalı siyasətçilər Xəzərin strateji əhəmiyyətini düzgün dərk etməlidirlər. Qeyd olunur ki, birincisi, Rusiya Ukraynada müharibə başladıqdan sonra Xəzər hərbi gücünü nümayiş etdirmək üçün platforma rolunu oynayıb. Xəzərdə fəaliyyət göstərən rus korvetləri nisbətən təhlükəsiz zonadan Ukrayna ərazisinə uzaqmənzilli qanadlı raketlər buraxıblar.

Bundan başqa, bəzi məlumatlara görə, müharibə başlayandan sonra Xəzər Rusiya və İran arasında hərbi əməkdaşlıq üçün tranzit marşrut kimi də istifadə olunur. Koffe hesab edir ki, amerikalı siyasətçilər regiona yeni yanaşma formalaşdırarkən Xəzərdə əsas strateji məqsəd beş sahilyanı dövlət arasında balansın qorunması olmalıdır. ABŞ dost ölkələrə destruktiv fəaliyyətlərin qarşısını almaqda, sabitliyi gücləndirməkdə və dayanıqlılığı artırmaqda kömək etməlidir.

Onun fikrincə, taktiki səviyyədə ABŞ-nin prioritetləri tərəfdaş ölkələrə dəniz sərhədlərinin qorunması, strateji dəniz enerji infrastrukturlarının təmin edilməsində kömək etməkdən ibarət olmalıdır. “ABŞ Hərbi-Dəniz Qüvvələri heç vaxt Xəzərdə fəaliyyət göstərməyəcək. Lakin bu, Vaşinqtonun təsir imkanlarının olmadığı demək deyil. İlk addımlardan biri Xəzərlə bağlı proqramın yenidən bərpası ola bilər. Patrul katerlərinin verilməsi ilə yanaşı, ABŞ təlim proqramlarını genişləndirə, zabit mübadiləsi təşkil edə və modernləşdirmə prosesini dəstəkləyə bilər. Regionun ən böyük problemlərindən biri dəniz situasiyası barədə məlumatlılığın zəif olmasıdır. ABŞ bu sahəyə xüsusi diqqət ayıraraq sahil radar sistemləri, gəmi radarlarının modernləşdirilməsi və komanda-idarəetməni gücləndirən rabitə vasitələri təqdim edə bilər”, - məqalədə qeyd olunur.

“Xəzər dənizində dəniz təhlükəsizliyinin gücləndirilməsi böyük və səs-küylü başlıqlar yaratmaya bilər. Lakin bu addım Avrasiyanın əsas nəqliyyat dəhlizi boyunca sabitliyi möhkəmləndirəcək, Rusiya və İranın strateji planlarını çətinləşdirəcək və Avropa ilə Asiya üçün faydalı yeni ticarət marşrutlarının uzunmüddətli inkişafını dəstəkləyəcək. Bu, mütləq edilməli bir investisiyadır”, - deyə amerikalı ekspert vurğulayıb. Yeri gəlmişkən, İran-Ukrayna gərginliyi fonunda Tehranın təhdid etdiyi ölkəyə zərbə vurmaq üçün ən optimal yer Xəzər dənizi göstərilir.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Xəzəri ABŞ üçün əhəmiyyətli edən Rusiya və İran faktorlarıdır: “Hər ikisi Xəzəryanı dövlətlərdir və Birləşmiş Ştatlarla mübarizədədir. Ancaq həmin texniki avadanlıqların verilməsi əməkdaşlıq çərçivəsində mümkündür. O demək sayılmır ki, ABŞ bununla Xəzərdə hərbi varlığını təmin edəcək. Azərbaycan buna razılaşmaz və regional gərginliyə səbəb olacağını da yaxşı bilir. Sadəcə, ABŞ-Azərbaycan arasında sahil təhlükəsizliyi əməkdaşlığı var. Hətta ABŞ prezidentinin paylaşımında "Azərbaycana satılacaq müdafiə avadanlıqları" sırasında qayıqların - sahil katerləri, sürətli patrul katerləri və daha iri sahil patrul platformaları yer alırdı. Nəzərə alaq ki, Xəzər akvatoriyası açıq okean mühiti deyil və burada kater seçimini xüsusi edən bir neçə amil var. Məsələn, külək qalxanda qısa dalğa boyu kiçik gövdələrə sərt yüklənmə verir. Bundan əlavə, bəzi sahələr dayazdır. Ancaq düşünmürəm ki, ABŞ-nin bu dəstəyi Xəzərdə eskalasiya ehtimalı ilə bağlı hazırlıqdır. Vaşinqton əməkdaşlığın bu formatı ilə təsirini artırmağa çalışır".

Ekspert bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi uzun illərdir Xəzərdə patrul və mühafizə missiyalarını icra edir: “Üstəlik, İsrailin OPV 62 layihəli (həmçinin "Saar 62" adı ilə də xatırlanan) sərhəd patrul gəmilərinin Azərbaycanda “Tufan” kimi tanınması xüsusi deyilməlidir. OPV 62 sinfi platformalar uzun patrul, dənizdə komanda-idarəetmə və müxtəlif missiyalara uyğunlaşdırma baxımından dəyər yaradır. Deməli, ABŞ patrul katerləri verməmişdən qabaq Azərbaycan artıq “iri patrul platforması” sinfində əməliyyat təcrübəsinə malikdir. Təbii ki, regionda gərginliyin artdığı, təhdidlərin təhlükəli müstəviyə keçid etdiyi bir dövrdə Azərbaycan havadan, qurudan olduğu kimi sudan da öz təhlükəsizlik tədbirlərinin təşkilini gücləndirir. Yəni müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində imkanlarımızı artırmağa çalışırıq".

Lakin R.Məmmədli Xəzərin müharibə meydanına çevriləcəyini güman etmir: “İranın Ukraynaya təhdidləri isə hibrid savaşın elementlərindən biridir. Cənub qonşumuz daha çox savaşı özünün cənubunda, yəni körfəz istiqamətində aparır. Ona görə də körfəz ölkələrini hədəf alır. Düzdür, Ukrayna Xəzərin Rusiya sektoruna PUA-larla hücum edib, Həştərxan limanını vurub, eynilə ruslar da Kiyevi Xəzərdə vurub. Amma bu əməliyyatlar istisna hallardır”.

Müsahibimiz əlavə edib ki, qapalı hövzə olan Xəzərdə təhlükəsizlik məntiqi okean donanması modelindən kəskin şəkildə fərqlənir: “Ona görə də burada üstünlük iri döyüş gəmilərinə deyil, sürətli reaksiya verən, dayaz zonalarda manevr edə bilən, sahilə yaxın riskli sektorları fasiləsiz nəzarətdə saxlayan və kiçik, çevik təhdidləri dərhal məcbur edə bilən qayıqlara verilir. Məhz bu səbəbdən qayıqların ayrıca vurğulanması satış siyahısında təsadüfi seçim yox, Xəzərin diktə etdiyi texniki və əməliyyat məntiqinin birbaşa ifadəsidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
3
31
musavat.com

10Источники