Müasir dövrdə ən geniş yayılmış problemlərdən biri hesab olunan stress təkcə psixoloji narahatlıq kimi deyil, həm də beyində konkret bioloji dəyişikliklər yaradan fizioloji proses kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, xüsusilə xroniki stres beyin fəaliyyətinə uzunmüddətli və ciddi təsir göstərə bilər.
Biokimya və neyroelm üzrə mütəxəssis Derya Murat Özgün qeyd edib ki, stres orqanizmin təhlükə və ya çətinlik hiss etdiyi zaman verdiyi təbii reaksiyadır. Onun sözlərinə görə, bu zaman hipotalamus-hipofiz-adrenal oxu aktivləşir və kortizol kimi hormonlar ifraz olunur. Mütəxəssis vurğulayıb ki, qısamüddətli stress bəzi hallarda faydalı ola bilər. Məsələn, imtahan və ya vacib tapşırıq öncəsi yaranan stress diqqəti artıraraq performansı yüksəldə bilər. Lakin problemin əsas səbəbi stresin uzunmüddətli və xroniki hala keçməsidir.

Elmi araşdırmalara əsasən, uzun müddət yüksək səviyyədə kortizol hormonuna məruz qalmaq beynin müəyyən sahələrinə mənfi təsir göstərir. Xüsusilə yaddaşla bağlı olan hipokampus xroniki stresdən ən çox təsirlənən bölgələrdən biri hesab olunur. Bundan əlavə, stress qərarvermə, planlaşdırma və diqqətin idarə olunmasında mühüm rol oynayan prefrontal korteks üzərində də təsir göstərir. Bu səbəbdən güclü stres altında olan insanlarda diqqəti cəmləməkdə çətinliklər tez-tez müşahidə olunur.
Stress, həmçinin təhlükə və qorxu hisslərinin formalaşmasında iştirak edən amiqdala bölgəsinin aktivliyini artırır. Bu isə insanlarda narahatlıq səviyyəsinin yüksəlməsinə və təhlükə hissinin güclənməsinə səbəb ola bilər. Bununla belə, mütəxəssislərin qənaətinə görə, stres tamamilə aradan qaldırıla bilməsə də, onu effektiv şəkildə idarə etmək mümkündür. Onların fikrincə, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və sağlam sosial münasibətlər stresin azaldılmasında mühüm rol oynayır. Eyni zamanda, müntəzəm olaraq meditasiya və nəfəs məşqləri etmək və “mindfulness (diqqəti məqsədli şəkildə hazırkı ana yönəltmək)” kimi yanaşmalar da stress hormonlarının balanslaşdırılmasına kömək edir.
Şahnigar Əhmədova, “İki sahil”