RU

Köçəryan sülhdən danışdı, Bakı sərt reaksiya verdi: “Bu adamın əli azərbaycanlı qanına batıb”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan lideri olduğu "Hayastan" blokunun baş nazirliyə namizədi olub. Köçəryan martin 16-da blokun tədbirindəki çıxışında vurğulayıb ki, təhlükəsizlik Ermənistanın qarşıdakı illərdə əsas prioritetlərindən biri olaraq qalacaq. O bildirib ki, buna nail olmaq üçün ölkənin döyüşə hazır orduya, güclü liderə və etibarlı müttəfiqə ehtiyac var. Köçəryan həmçinin Azərbaycanla sülhə üstünlük verdiyini, ancaq bunun üçün aydın təhlükəsizlik zəmanətinə ehtiyac olduğunu söyləyib.

O, sülh məsələsində səmimidirmi? Revanşist Köçəryanın hakimiyyətə gəlməsi əslində sülhə zərbə ola bilərmi? Bunu erməni xalqı nəzərə almalıdırmı?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, “Qarabağ hərəkatının” ideoloqlarından, təşkilatçılarından və azərbaycanlıların qatllərindən biri, hətta birincisi Robert Köçəryandır: “Onun bütün fəaliyyəti Azərbaycan torpaqlarına sahiblənmək, azərbaycanlıları doğma torpaqlarından qovmaq və insanlara qarşı qətliam həyata keçirmək olub. Köçəryan əsir götürdükləri azərbaycanlılara qarşı işgəncələrdə şəxsən iştirak edib. O, Ermənstanda prezidentlikdən getsə də özünün kadrı olan digər müharibə cinayətkarı Serj Sərkisyan vasitəsilə Ermənistanda təsir imkanları böyük idi. Amma Sərkisyan hakimiyyətdən qovulandan sonra Ermənistanın siyasətinə onun təsir imkanları sarsıldı. 2018-ci ildən indiyə qədər Köçəryan-Sərkisyan tandeminə erməni cəmiyyəti “yox” deyib. Keçirilən seçkilərdə bu mənfur tandemin rəhbərlik etdikləri siyasi təşkilatlar cüzi səs toplayıblar. O, yenidən hakimiyyətə gəlmək üçün can atır. Amma onun bəyanatlarında cəmiyyəti aldatmaq üçün müəyyən hiyləgər məqamlar var, Azərbaycanla sülh istədiyini, təminat istədiyini deyir. Belə başa düşdüm ki, o, təminat deyəndə Azərbaycan torpaqlarının bir hissəsini yenə işğal etməyi nəzərdə tutur. Azərbaycan həmin dövrün Azərbaycanı deyil ki, Köçəryan kimisi istədiyini edə bilsin. Azərbaycan güclənib, özünün suverenliyini, ərazi bütövlüyünü qoruya bilir. Azərbaycan Köçəryan kimi digər müharibə cinayətkarlarını tutub məhkəmə qarşısında oturda bilib. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq rəsmi hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə məcburdur və Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Zəngəzur dəhlizinə ABŞ prezidenti “Tramp marşrutu adı verib və onun əleyhinə çıxmaq Ermənistanı daha ağır vəziyyətə salmaq olar”.

Deputat qeyd edib ki, Nikol Paşinyan da hələ millətçilik ruhundan tamamilə qopmuş insan deyil. "44 günlük müharibə və anti-terror əməliyyatı onu bir qədər ayıltdı. Hər halda Ermənistan cəmiyyəti Köçəryan-Sərkisyan və Paşinyan hakimiyyəti dövrlərini müqayisə edə bilir. Azərbaycanla sülh Ermənistanın yeganə yoludur və inkişafları bundan asılıdır. Köçəryanın sülhdən danışması səmimi deyil. Erməni cəmiyyəti də müharibənin onlar üçün ağır nəticələr gətirəcəyini düşünür. Buna görə də Köçəryan kimisinə səs verəcəkləri inandırıcı deyil. Köçəryan və Sərkisyan nə vaxtsa Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklərini unutmasınlar. Əslində bu cütlük həm də erməni xalqına böyük pisliklər edib və cinayətlər törədib”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
100
50
musavat.com

10Источники