RU

Azərbaycan və Qırğızıstan arasında ortaq mədəni dəyərlər: Bişkekdə bayram şənliyi

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi tərəfindən Bişkek şəhərində Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir təşkil edilib.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Tədbirdə Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Macarıstan, Türkiyə və Pakistanın səfirləri, Ağa Xan Fondunun Bişkekdəki nümayəndəsi, Qırğızıstanın dövlət və ictimai xadimləri, elm və mədəniyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də beynəlxalq təşkilatların ölkədəki təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Novruz bayramının Azərbaycan, türk dünyası və bir çox Şərq xalqları üçün qədim və mühüm bayram olduğunu vurğulayıb. O, bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etdiyini qeyd edərək, bu bayramların sülh, xeyirxahlıq və qarşılıqlı hörmət dəyərlərini təcəssüm etdirdiyini bildirib. Səfir tədbirin türk dövlətləri adından keçirildiyini diqqətə çatdırıb.

Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov çıxışında Azərbaycan və Qırğız xalqları arasında münasibətlərin ortaq tarix və mədəni dəyərlərə əsaslandığını vurğulayıb. O, iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini, strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin davam etdirildiyini bildirib.

Tacikistanın Qırğızıstandakı səfiri Nazirməd Alizoda isə Novruz bayramının dünyanın ən qədim bayramlarından biri olduğunu, UNESCO tərəfindən beynəlxalq status aldığını və müxtəlif xalqları birləşdirən ümumbəşəri dəyər kimi çıxış etdiyini qeyd edib.

Qonaqlara Azərbaycan mətbəxinin nümunələri – şah plov, lüləkabab, paxlava və şəkərbura təqdim olunub. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyunun təqdimatı keçirilib. Səfir bu suyun artıq Qırğızıstan bazarına daxil olduğunu və uzun fasilədən sonra istehsalının bərpa edildiyini diqqətə çatdırıb.

Bayram proqramı zamanı Novruz ənənələrinə həsr olunmuş, eləcə də tədbirdə iştirak edən ölkələrin milli musiqi və rəqslərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbir Qırğızıstan mətbuatında geniş işıqlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
azertag.az

1Источники