RU

İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? DOSYE

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, İsrail İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü açıqlayıb.

Globalinfo.az bildirir ki, o, İranda Ali rəhbər Müctəba Xameneidən sonra ikinci sima hesab olunurdu.

Laricani Əli Xameneinin ölümündən sonra ölkəni idarə edən əsas siması kimi təqdim edilirdi. Xüsusən son vaxtlar ABŞ və İsrailə qarşı sərt xəttin arxasında onun dayandığı qeyd edilirdi.

Uzun müddət İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş Əli Laricani əvvəlcə ölkəsinin siyasi sisteminin sakit və praqmatik siması kimi tanınıb. Özü də necə? XVIII əsr alman filosofu İmmanuel Kant haqqında kitablar yazan və Qərblə nüvə danışıqları aparan siyasətçi kimi.

ABŞ-la sərt üslubda danışan katibin martın 1-dən isə 67 yaşlı Ali Milli Təhlükəsizlik Şurasının katibinin tonu kəskin şəkildə dəyişdi.

ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei və İran İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpurun öldürülməsindən cəmi 24 saat sonra dövlət televiziyasında çıxış edən Laricani sərt mesaj verdi.

O, sosial şəbəkədə yazdı: “Amerika və sionist rejim (İsraili nəzərdə tutur) İran xalqının qəlbini alovlandırıb. Biz onların qəlbini yandıracağıq. Sionist cinayətkarları və həyasız amerikalıları etdiklərinə görə peşman edəcəyik”.

O, əlavə edib: “İranın cəsur əsgərləri və böyük xalqı beynəlxalq zülmkar qüvvələrə unudulmaz dərs verəcək”.

ABŞ Prezidenti Donald Trampı “İsrail tələsinə düşməkdə” ittiham edən Laricani 1979-cu ildən bəri İranın üzləşdiyi ən böyük böhran fonunda Tehranın reaksiyasının mərkəzində dayanır.

Bəs İsrail və ABŞ-la müharibə davam edərkən İranın təhlükəsizlik strategiyasına rəhbərlik edən bu şəxs kimdir?

İranın “Kennediləri”

3 iyun 1958-ci ildə İraqın Nəcəf şəhərində Amoldan olan, varlı ailədə dünyaya gələn Laricani o qədər nüfuzlu bir nəslə mənsubdur ki, “Time” jurnalı 2009-cu ildə onları “İranın Kennediləri” adlandırmışdı.

Onun atası Mirzə Haşem Amoli tanınmış dini alim idi. Laricani kimi onun qardaşları da İranın ən güclü strukturlarında – məhkəmə sistemi və Ali Rəhbəri seçmək və nəzarətdə saxlamaq səlahiyyətinə malik Ekspertlər Məclisində – yüksək vəzifələr tutublar.

Laricaninin 1979-cu il inqilabından sonrakı elita ilə şəxsi bağları da var idi. O, 20 yaşında olarkən İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın silahdaşı Murtəza Mütəhhərinin qızı Fəridə Mütəhhəri ilə evlənib.

Ailəsinin mühafizəkar dini köklərinə baxmayaraq, övladlarının yolu daha müxtəlif olub. Qızı Fatimə Tehran Universitetinin tibb fakültəsini bitirib və ABŞ-ın Ohayo ştatındakı Cleveland State Universitetində ixtisaslaşıb.

Riyaziyyatçı filosof

Bir çox həmkarlarından fərqli olaraq, Laricani yalnız dini təhsil almamış, dünyəvi akademik təhsilə də sahib idi.

1979-cu ildə Şərif Texnologiya Universitetində riyaziyyat və kompüter elmləri üzrə bakalavr dərəcəsi alıb. Daha sonra Tehran Universitetində Qərb fəlsəfəsi üzrə magistr və doktorluq dərəcələri əldə edib, dissertasiyasını Kant mövzusunda yazıb. Lakin onun karyerasının əsas mərkəzi siyasi vəzifələr olub.

1979-cu il inqilabından sonra 1980-ci illərin əvvəllərində İnqilab Keşikçiləri Korpusuna qoşulub. Daha sonra dövlət strukturlarına keçərək 1994–1997-ci illərdə Prezident Əkbər Haşimi Rəfsəncani dövründə mədəniyyət naziri, 1994–2004-cü illərdə isə dövlət televiziyası və radiosunun (IRIB) rəhbəri olub. IRIB-də çalışdığı dövrdə sərt siyasətlərinə görə islahatçılar tərəfindən tənqid olunub; onlar bu siyasətlərin gəncləri xarici mediaya yönəltdiyini iddia edirdilər.

2008–2020-ci illərdə ardıcıl üç müddət parlamentin (Məclis) sədri olub və daxili və xarici siyasətin formalaşmasında mühüm rol oynayıb.

Təhlükəsizlik sahəsinə dönüş

Laricani 2005-ci ildə mühafizəkar namizəd kimi prezidentliyə namizədliyini irəli sürsə də, ikinci tura keçə bilməyib. Həmin il o, Ali Milli Təhlükəsizlik Şurasının katibi və ölkənin baş nüvə danışıqları aparıcısı təyin olunub.

2007-ci ildə Prezident Mahmud Əhmədinejadın nüvə siyasəti ilə fikir ayrılıqları səbəbindən bu vəzifələrdən istefa verib.

2025-ci ilin avqustunda Prezident Məsud Pezeşkian tərəfindən yenidən Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunaraq nüfuzlu mövqeyə qayıdıb.

“Biz regional ölkələrə hücum etməyi planlaşdırmırıq,” deyə o aydınlaşdırıb, “lakin ABŞ tərəfindən istifadə olunan hər bir bazanı hədəfə alırıq”, – deyən Ə.Laricani sərt xəttin tərəfdarlarından idi.

Qeyd: Yazıda Lent.az-ın araşdırmasından geniş istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
40
globalinfo.az

10Источники