RU

Ana qonan kəpənək

İvan Turgenevin “Asya” povesti haqqında

əvvəli ötən sayımızda

Beləliklə, qırx beş yaşlı dvoryan cənab N.N. xatırlayır: “İyirmi il bundan əvvəl mən Reyn çayının sol sahilində Z. adlı kiçik bir alman şəhərində yaşayırdım. Mən tənhalıq axtarırdım...” Şəhər əzəmətli Reynin iki verstliyində salınıb, çayın o tayındakı L. şəhəri bundan bir az böyükdür.

Bir axşam N.N. tələbə bayramına tamaşa eləmək üçün çayı adlayıb qarşı yaxadakı şəhərciyə gedir. Orada o, iki həmvətəniylə - Qagin soyadlı cavan oğlanla, bir də Asya adlı qarasaç, qaragöz ərköyün qızla təsadüfən tanış olur. Qagin qəhrəmanımızdan cəmi bir yaş kiçikdir, Asyanın isə on yeddi yaşı var. Qagin Asyanı bacısı kimi qələmə verir, hərçənd bu təsbit N.N.-də şübhə doğurur, çünki bacı-qardaş bir-birinə qətiyyən oxşamır. Onlar qəhrəmanımızı qaldıqları evə şam yeməyinə dəvət eləyirlər.

Ertəsi gün N.N. Qaginin rəsmlərinə baxmaq üçün onlara yollanır. Asya bu vaxt qədim feodal qəsrinin xarabalıqlarını dolaşmaqdadır. Qaginlə N.N. onun arxasınca gedirlər. Qızın uçurumun başındakı divar qalıqlarının üstünə çıxdığını görəndə qəhrəmanımız onu ehtiyatlı olmağa çağırır, qardaşı isə deyir ki, irad bildirmək lazım deyil, yoxsa inadından bir az da yuxarı dırmaşacaq. N.N. düşünür ki, Asya uşaq höcətiylə onları təəccübləndirməyə çalışır, qızın davranışı ona həm xoş gəlir, həm də bir az pərtlik gətirir.

Asya aşağı enəndə qardaşı onu yüngülcə danlayır, onda qız özünə ciddi görkəm verir. Gəzintidən sonra Asya dostlaşdığı alman qadının yanına gedir, axşamacan geri qayıtmır. Qagin qonağı yola salanda onlar da həmin evə dönürlər. Pəncərədən baxan Asya cəngavər sevgilisinə eyvandan çiçək atan məşuqə roluna girib qardaşına bir gül budağı tullayır, sonra da həmin gülü qəhrəmanımıza verməyi tapşırır.

N.N. qaldığı evə həyəcanlı qayıdır. Qaginin ona bəzi çətinliklər üzündən Rusiyaya qayıda bilmədiklərini dediyini dönə-dönə xatırlayıb bu qənaətə gəlir ki, Asya onun bacısı deyil.

***

İki həftə boyunca N.N. Qaginlərin qaldığı evə gedib Asyanı diqqətlə müşahidə eləyir. Onun fikrincə, Asya kübar mühitdə böyümüş xanım qız deyil, onun davranışlarında nəsə kübarlığa uyuşmayan vəhşi əlamətlər var. Təbiətcə utancaq olsa da, Asya özbaşına, cəsarətli qız təsiri bağışlamağa çalışır. Qaginin qızla çox mehriban, nəzakətli davranması təhkiyəçinin əminliyini bir az da artırır ki, onlar əsla bacı-qardaş deyillər.

Bir axşam N.N. təsadüfən Qaginlə Asyanın söhbətinə qulaq müsafiri olur. Asya göz yaşı içində Qaginə dönə-dönə etirafda bulunur ki, ondan savayı heç kəsi sevməyi ağlından keçirmir, sonra da atılıb qollarını onun boynuna dolayır. N.N. şübhəsinin doğrulduğundan məmnun qalsa da (çünki bu, onun ağlının sərrast çalışdığını sübuta yetirir), tanışlarının onu aldatmasından pərişan olur.

Ertəsi gün səhər N.N. təkbaşına dağlara çıxır. Qaginlərlə görüşməyə həvəs göstərmir, özünü inandırır ki, bunun tək səbəbi tanışlarının zadəgana yaraşmayan rəftarının onda doğurduğu pərtlikdir. Bütün gün azad təbiətdən, zəhmətkeş kənd camaatının asudə həyatından zövq alır. Evə dönəndə Qagindən məktub gəldiyini görür, tanışı ondan onlara baş çəkməyi xahiş eləyir.

Sabahı Qagin ona Asyanın cavan ömrünün tarixçəsini danışır...

Qaginin anası doğuşdan sonra öldüyünə görə atası onu körpəykən kəndə aparır. Böyüyəndə oğlan Peterburqa oxumağa gedir, təhsilini başa vurub qvardiyada qulluğa girir. Kəndə hər baş çəkəndə atasını qayğılı, kədərli görür. İyirmi yaşını tamamlayan Qagin növbəti dönüşündə evdə on yaşlarında bir qız uşağıyla rastlaşır. Atası onu inandırır ki, Asyanı yetim olduğuna görə himayəsinə götürüb. Bir neçə il keçmiş ata ölüm yatağına düşəndə sirrini oğluna açır: Asya onun qulluqçudan olan qızıdır, oğlunun anası öləndən sonra kişi həmin qadınla birgə yaşayıb.

Asyanın iki yaşı olanda onun da anası ölüb, atası onu öz evinə gətirməyə məcbur qalıb. Nökər-qaravaş Asya ilə evin xanımı kimi davranıb. Atası onu çox sevsə də, qızının nazını çəkməyib, bu səbəbdən özünü onun yanında günahkar sanıb. Bu ikili münasibət Asyanın özünə vurğun, başqalarına inamsız bir qız kimi böyüməyinə rəvac verib. Atasının vəsiyyətinə əsasən Qagin bacısını himayəsinə götürüb, bundan sonra yavaş-yavaş qız ona alışmağa, qardaşını sevməyə başlayıb.

Peterburqda Qagin Asyanı qızlar pansionuna qoyub. Asya yaxşı oxusa da, məktəb yoldaşlarına qaynayıb-qarışmayıb. Bacısının on yeddi yaşı tamam olanda Qagin xidmətdən istefa verib, Asya ilə birlikdə xarici səfərə çıxıb...

***

Qagini dinləyəndən sonra N.N. Asyanın danışıqlarını, davranışlarını daha yaxşı anlamağa başlayır. Birlikdə gəzməyə gedirlər, Asya gənclik şövqüylə çırpınan ürəyini quş kimi uçurmağa, qəlbini böyük işlər dalınca buyurmağa, Puşkinin Tatyanasıyla rəqabətə girməyə can atır:

“- Mən Tatyananın yerinə olmaq istərdim, - Asya eləcə dalğın-dalğın sözünə davam elədi, sonra qəfil gümrahlaşıb: - Danışın, - dedi.

Ancaq mənim fikrim ayrı yerdəydi. Mən təpədən-dırnağa parlaq gün işığına qərq olmuş, tamam sakitləşib mülayimləşmiş Asyaya baxırdım. Ətrafımızda, ayağımızın altında, başımızın üstündə nə vardısa, hamısı - göylər, yerlər, saf sular sevinclə, fərəhlə parıldaşırdı; elə bil hava özü də nura boyanmışdı.

Mən səsimi ixtiyarsız yavaşıdıb:

- Bir baxın, nə yaxşıdır! - dedim.

- Elədir, yaxşıdır, - Asya mənə baxmadan sakitcə cavab verdi. - Əgər ikimiz də quşa dönsəydik, necə pərvazlanar, necə uçardıq... Mavi göyün dərinliyinə baş vurardıq... Amma hayıf ki, quş deyilik.

- Biz də qanad çıxara bilərik, - mən dedim.

- Necə?

- Yaşayarsız, görərsiz. Elə duyğular var, adamın ayaqlarını yerdən üzür. Qəm eləməyin, sizin hələ qanadınız çıxacaq...”

Sonra Asya qəhrəmanı birgə uçuşu imitasiya eləmək məqsədiylə vals oynamaq üçün evlərinə aparır.

Ertəsi gün Qaginlərin qaldığı yerə gələndə qəhrəman düşünür ki, Asyanı yalnız dünən gerçəkdən tanıya bilib. Asya qəmli görünür, fikirdən gecə yata bilməyib. Özü haqqında deyir ki, yaxşı təlim-tərbiyə görməyib, heç bir xüsusi qabiliyyəti yoxdur, buna görə də cansıxıcı adam sayılmalıdır. N.N. qızın bu sözlərini etirazla qarşılayır: xeyr, o, çox oxuyub, yaxşı təhsil alıb, ağıllıdır... Bununla belə həmin axşam Asyanın eyni açılmır, qəhrəmana qəribə nəzərlə baxır: “Yadınızdamı, dünən qanadlardan danışırdınız? Mənim qanadlarım çıxıb - uçmağa yerim yoxdur”. Qagin onun əhvalını dəyişmək üçün vals oynamağı təklif eləsə də, qız bunu kəskin etirazla qarşılayır. Qayıdanbaş N.N. özünü inandırmağa çalışır ki, Asya onu sevir.

***

Səhəri N.N. Asyadan məktub alır: qız onu xarabalığa gedən yolun üstündəki kilsənin yanına görüşə çağırır, yazır ki, bu gün ehtiyatsızlığa yol verib, görüşəndə hər şeyi yerli-yataqlı söyləyəcək...

Bu vaxt Qagin özünü başılovlu N.N.-in qaldığı evin qapısından içəri salır, bacısının bu sabah ona etirafda bulunduğunu, Asyanın N.N.-ə vurulduğunu həyəcanla xəbər verir. Ürəyini boşaldandan sonra Asya qardaşına yalvarıb ki, onu buralardan aparsın. Qagin də bunu ən doğru çıxış yolu sayır, ancaq qərar verməmişdən bir məsələni dəqiqləşdirmək istəyir: təsadüfən cənab N.N. də qəlbində Asyaya rəğbət bəsləmir ki? Başqa sözlə, onun Qaginin bacısıyla evlənmək fikri yoxdur ki?

Söhbət çözələndikcə gərgin bir şəkil alır. N.N. deyir, əlbəttə, Asya onun xoşuna gəlir, ancaq belə taleyüklü suala düşünüb-daşınmadan, ayaqüstü cavab vermək çətindir. O, alicənab aristokrat kimi Asyanın onu görüşə çağırdığını qardaşından gizlətmir. Qagin ondan qorxur ki, Asyanın başına bir fəlakət gələ bilər, qız hətta ölə bilər. Uzun söhbətdən sonra belə razılaşırlar: N.N. qızın çağırışına gedib məsələləri orada ayırd eləsin. Qagin evə belə bir qəti qənaətlə qayıdır ki, N.N. Asya ilə evlənən deyil, bu qənaətini onun özüylə də bölüşür. Qəhrəman özü isə Asyanın ona aşiq olmasına bir yandan sevinirsə, o biri yandan həyəcan keçirir, sümüyü bərkiməmiş on yeddi yaşlı ərköyün qızla evlənmək ona çöçün gəlir.

Reynin o tayına adlayanda Asyanın qasidi qəhrəmanımıza yeni ismarış gətirir: görüş kilsənin yanında yox, alman qadının evində olacaq. Asya onu yarıqaranlıq otaqda qarşılayır, pəncərənin qabağında oturub eşiyə baxan qızı əsməcə tutur. N.N. əvvəlcə ona “Anna Nikolayevna” deyə müraciət eləyir (əsl adı belə olur), amma qızdan səs çıxmır; ürəyi uçunan qəhrəman puçurlamış dodağına “Asya” kəlməsini gətirəndə qız gözlərini qaldırıb ona baxır. Artıq Asya bütün varlığıyla ona təslim olmağa hazırdır. N.N. ehtiras dumanını aralayıb qaranlıqda əlhavasına qızın titrəyən vücudunu tapır. Sonra birdən ayılıb, qardaşına ürəyinin sirrini açdığına görə Asyanı qınamağa, hətta danlamağa başlayır. Məsələni şişirdib-böyüdən qəhrəman getdikcə daha da əsəbi görkəm alır, bir növ namuslu centlmen roluna girir: “İndi daha hər şey bitdi! Artıq biz ayrılmalıyıq. Siz yetişməkdə olan bir hissin coşmasına imkan vermədiniz...”

Davamı növbəti sayımızda

F.Uğurlu

Избранный
25
yeniazerbaycan.com

1Источники