RU

Bu məhsulla bağlı XƏBƏRDARLIQ KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Türkiyədə aparılan son araşdırmalarda İzmir Körfəzindən toplanan bəzi midyələrdə Hepatit A və Norovirus kimi insan sağlamlığı üçün təhlükəli virusların aşkarlandığı bildirilib. Mütəxəssislər bu cür dəniz məhsullarının çirkli sularla təmasda olduqda virus və bakteriyaları özündə toplaya bildiyini vurğulayır. Nəzərə alsaq ki, Azərbaycanda da midyə həm restoranlarda təqdim olunur, həm də küçə ticarətində geniş satılır, bu məhsulun təhlükəsizliyi məsələsi aktuallaşır. Bəs ölkəmizdə satılan midyələr insan sağlamlığı üçün risk yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, midyələr dənizin təbii süzgəcləri rolunu oynayır:

“Yəni onlar suyu bədənlərindən keçirərək qidalanırlar. Bir midyə gün ərzində litrlərlə suyu filtrasiya edir. Əgər həmin su kanalizasiya tullantıları, sənaye suları və ya insan mənşəli çirklənməyə məruz qalıbsa, suyun daxilindəki bütün zərərli mikroorqanizmlər midyənin ətində toplanır. Xüsusilə Hepatit A və Norovirus kimi viruslar dəniz suyunda məhv olmur. Əksinə, midyənin toxumalarında toplanaraq insan orqanizminə keçməyə hazır vəziyyətə gəlir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da ehtiyatlı olmaq lazımdır:

“Xəzər dənizi qapalı hövzədir. Sahil zolağında nəzarətsiz axıdılan çirkli sular birbaşa midyələrin yaşadığı mühitə daxil olur. Azərbaycanda xüsusilə yay aylarında küçə ticarətində və sahil kənarlarında satılan midyələr ən böyük təhlükə mənbəyidir. Bu məhsulların haradan toplandığı, hansı şəraitdə saxlanıldığı və necə bişirildiyi çox vaxt məlum olmur. Laboratoriya yoxlamasından keçməyən hər bir midyə potensial infeksiya daşıyıcısı hesab olunur”.

A.Vəliyev bildirib ki, Norovirus qısa müddətdə kəskin qusma, ishal və qarın ağrılarına səbəb olur. Hepatit A isə daha ciddi nəticələr yarada bilər:

“Bu xəstəlik qaraciyərin iltihablanmasına, dərinin saralmasına və uzunmüddətli müalicə prosesinə səbəb olur. Ən təhlükəli məqamlardan biri odur ki, bu viruslar dondurulma ilə məhv olmur. Onları yalnız çox yüksək temperaturda və uzun müddət bişirməklə zərərsizləşdirmək mümkündür. Lakin bəzi restoran və küçə satıcıları midyəni az bişirir ki, məhsul büzüşməsin və vizual olaraq daha yaxşı görünsün. Bu isə virusların canlı qalmasına şərait yaradır”.

Ekspert istehlakçılara bir sıra tövsiyələr də verib. Onun sözlərinə görə, marketdən midyə alarkən mütləq qablaşdırma tarixinə və məhsulun mənşəyinə diqqət yetirilməlidir. Restoranlarda isə midyənin tam bişdiyinə əmin olmaq vacibdir.

“Əgər midyənin qabığı bişdikdən sonra açılmayıbsa, onu qətiyyən yemək olmaz. Bu, həmin midyənin bişirilməzdən əvvəl öldüyünü və daxilində toksinlərin yığıldığını göstərir”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
1
konkret.az

2Источники