İran prezidenti Məsud Pezeşkian tam siyasi səlahiyyətlərə malik deyil.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən referendumda səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tokayev qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələrin müxtəlif səbəbləri var.
“Doğrudan da, Fars körfəzi ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparılıb və biz həmin dövlətlərlə həmrəyliyimizi ifadə etmişik. İran prezidenti Pezeşkiana gəlincə, o yaxınlarda ölkəmizdə rəsmi səfərdə olub və çox müsbət təəssürat yaradıb. O, dünyəvi baxışlara malik insandır, həm də kardiocərrahdır”, – deyə Tokayev bildirib.
O əlavə edib ki, Pezeşkianın İranın Fars körfəzi ölkələrinə hücum etməyəcəyi barədə verdiyi bəyanatı alqışlayıb.
“Lakin sonradan onun açıqlamaları təkzib olundu, faktiki qüvvədən düşdü. Bu isə göstərir ki, İran prezidenti tam hakimiyyətə malik deyil. Bu bir faktdır. Mən heç kimi ittiham etmirəm, sadəcə faktları deyirəm”, – Tokayev vurğulayıb.
Onun sözlərinə görə, bu vəziyyət İranın hakimiyyət strukturunun xüsusiyyətləri ilə bağlıdır.
“Bir tərəfdən əsas istiqamətləri müəyyənləşdirən və qərarlar qəbul edən dini hakimiyyət var. Digər tərəfdən isə formal olaraq dövlət başçısı sayılan prezident mövcuddur. Lakin əslində o, əsas fiqur deyil”.
Qazaxıstan prezidenti hesab edir ki, hakimiyyətdə belə ikili vəziyyət ümumiyyətlə heç bir ölkədə, o cümlədən Qazaxıstanda olmamalıdır.
Tokayev həmçinin İran xalqının mədəniyyətinə böyük simpatiya və dəyişməz hörmət bəslədiyini də qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az