RU

“Universiteti köçürmək sadəcə binanı dəyişmək demək deyil; müəllim heyətinin cəlb olunması, tələbə infrastrukturu və elmi mühitin formalaşdırılması deməkdir”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq. Bizimyol.info xəbər verir ki, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb. Qeyd edilib ki, bu məsələ barədə hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintis məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbayca Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.Bakıdakı universitetlərin bölgələrə köçürülməsi təhsilin keyfiyyətinə necə təsir edə bilər?Universitetlərin regionlara köçürülməsi regionların inkişafına töhfə verə bilərmi?

Milli Məclisin deputatı Elnarə Akimova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakıda ali təhsil müəssisələrinin həddindən artıq cəmləşməsi uzun illərdir müzakirə olunan problemdir: “Bakıdakı universitetlərin bir qisminin bölgələrə köçürülməsi ideyası əslində strateji yanaşmadır. Bu yanaşma artıq dövlət planlaşdırmasında da görünür. Məsələ Nazirlər Kabinetinin hesabatında və gələcək inkişaf sənədi olan Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası layihəsində müzakirə predmetinə çevrilib.

Bu təşəbbüsün təhsilin keyfiyyətinə təsiri ilk növbədə onun necə həyata keçiriləcəyindən asılı olacaq. Əgər universitet sadəcə fiziki olaraq Bakıdan çıxarılıb bölgəyə köçürülərsə, amma elmi baza, laboratoriyalar, akademik mühit və müəllim heyəti zəifləyərsə, bu təhsilin səviyyəsinə mənfi təsir göstərə bilər. Amma proses düzgün planlaşdırılarsa, əksinə, yeni imkanlar yarada bilər. Dünyanın bir çox ölkələrində universitet şəhərləri böyük elmi mərkəzlərə çevrilib. ABŞ, Almaniya və Türkiyədə böyük universitetlərin əhəmiyyətli hissəsi paytaxtda deyil, məhz regionlarda yerləşir və həmin şəhərləri elm və innovasiya mərkəzinə çevirir.

Digər tərəfdən, Bakıda ali təhsil müəssisələrinin həddindən artıq cəmləşməsi uzun illərdir müzakirə olunan problemdir. Paytaxt həm infrastruktur, həm də demoqrafik baxımdan böyük yük altındadır. Minlərlə tələbənin hər il Bakıya axını şəhərin sosial və iqtisadi balansına əlavə təzyiq yaradır. Universitetlərin bir qisminin regionlara köçürülməsi bu yükü azaltmaqla yanaşı, bölgələrdə yeni akademik mühit formalaşdıra bilər”.

Elnarə Akimova vurğulayıb ki, universitetlər şəhərlərin taleyini dəyişə bilir: “Regionların inkişafı baxımından isə belə addım çox ciddi təsir yarada bilər. Universitet olan şəhər təkcə təhsil mərkəzi olmur. Orada tələbə şəhərciyi, yeni iş yerləri, xidmət sektoru, kirayə bazarı, nəqliyyat və texnologiya infrastrukturu formalaşır. Bir universitet ətrafında kiçik iqtisadi ekosistem yaranır. Bu, xüsusilə gənclərin bölgələrdə qalması baxımından da əhəmiyyətlidir. Çünki bu gün regionlardan Bakıya köçün əsas səbəblərindən biri məhz ali təhsil imkanlarının paytaxtda cəmlənməsidir.

Tarixi təcrübə də göstərir ki, universitetlər şəhərlərin taleyini dəyişə bilir. Məsələn, Türkiyənin Eskişehir, Kayseri və Konya kimi şəhərləri məhz universitetlərin hesabına böyük tələbə və elm mərkəzlərinə çevrilib. Oxşar model Azərbaycanda da tətbiq olunsa, bölgələrdə həm iqtisadi dinamika yarana, həm də elmi potensial paytaxtdan kənara yayılmış olar.

Amma burada əsas şərt tələsik qərar deyil, düşünülmüş strategiyadır. Universiteti köçürmək sadəcə binanı dəyişmək demək deyil; bu, laboratoriyaların qurulması, müəllim heyətinin cəlb olunması, tələbə infrastrukturu və elmi mühitin formalaşdırılması deməkdir. Əgər bu proses sistemli şəkildə həyata keçirilərsə, həm təhsilin keyfiyyəti qoruya bilər, həm də regionlar üçün yeni inkişaf mərhələsinin qapısını aça bilər. Əks halda, yaxşı niyyətli bir ideya formal addıma çevrilə bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
bizimyol.info

1Источники