BAKI, 13 mart. TELEQRAF
Türk dövlətlərinin bir araya gəlməsi hər hansı üçüncü tərəfdə qıcıq yaratmamalıdır. Bizim əməkdaşlığımız sırf hərbi-siyasi ittifaq qurmaq məqsədi daşımır.
Teleqraf xəbər verir ki, bu barədəÖzbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov jurnalistlərə açıqlamasında bildirib.
Müşavir qeyd edib ki, texnoloji mübadilə və təcrübə paylaşımı müasir dünyanın tələbidir, lakin bu, təşkilatın mahiyyətini dəyişmir:
“Birliyimizin əsas qayəsi tarixi kökləri, mədəni-humanitar bağları və elmi potensialı gücləndirməkdən ibarətdir. Sözsüz ki, hərbi-texniki sahədə müəyyən əlaqələr mövcuddur, lakin qurumun siyasi-hərbi bloka transformasiya olunması gündəmdə deyil. Bu məsələ birmənalı şəkildə istisna edilir”.
Ə.Kamilov eyni zamanda Orta Dəhliz layihəsinin əhəmiyyətinə toxunaraq, bu marşrutun yalnız iqtisadi deyil, həm də xalqlararası mədəni körpü funksiyasını yerinə yetirəcəyini diqqətə çatdırıb.