Paris, 13 mart, AZƏRTAC
Nant şəhərində bir əsrdən artıq fəaliyyət göstərən “Fonderie Atlantique Industrie” (FAI) zavodu fəaliyyətini dayandırır. Bu qərar yalnız müəssisənin əməkdaşları üçün deyil, həm də Fransanın hərbi gəmiqayırma sənayesində mühüm rol oynayan “Naval Group” üçün müəyyən çətinliklər yarada bilər. Çünki FAI şirkət üçün iriölçülü gəmi pərləri istehsal edirdi.
AZƏRTAC xəbər verir ki, zavodun bağlanması barədə məlumatı ilk olaraq “Ouest-France” portalı yayıb. Uzun illər ərzində bu müəssisə dünyanın müxtəlif ölkələrinə böyükölçülü gəmi pərləri tədarük edib. Zavod həm hərbi, həm də mülki nəhəng gəmilərin təchizatında iştirak edib. Onların arasında “Charles de Gaulle” aviadaşıyıcısı və “SS France” sərnişin layneri kimi məşhur gəmilər də var. Lakin son illərdə sifarişlərin azalması müəssisənin fəaliyyətini ciddi şəkildə zəiflədib. İlin əvvəlində işçilərə vəziyyətlə bağlı ilk xəbərdarlıq edilib. Hazırda müəssisədə cəmi on nəfərə yaxın əməkdaş qalıb, halbuki əvvəllər burada yüzlərlə işçi çalışırdı.
Məlumata görə, şirkətin dövriyyəsi 2023-cü ildə 3 milyon avrodan çox olduğu halda, 2024-cü ildə 2,5 milyon avroya düşüb. Zavod rəhbərliyi fəaliyyətin qeyri-sabit olduğunu və yaxın perspektiv üçün aydın görünüş olmadığını etiraf edir.
Hazırda müəssisənin əməkdaşları işdən azad ediləcəkləri ilə bağlı hələ də dəqiq məlumat almayıblar.
FAI zavodunun bağlanması xüsusilə “Naval Group” üçün mühüm məsələ yaradır. Çünki şirkət hərbi gəmilər üçün istifadə olunan nəhəng pərləri məhz bu zavoddan alırdı. FAI Fransanın müdafiə sənayesinə xidmət edən sənaye və texnoloji baza müəssisələrindən biri hesab olunurdu.
Şirkətin açıqlamasına görə, fəaliyyət və təchizatın davamlılığını təmin etmək üçün artıq müxtəlif ssenarilər üzərində işlənilir. Bununla bağlı “Naval Group” zavodun ana şirkəti və Fransanın Müdafiə Nazirliyi ilə danışıqlara başlayıb. Məqsəd mövcud alternativləri müəyyənləşdirmək və hərbi proqramların həyata keçirilməsi qrafikinə təsir etmədən davamlılıq planı hazırlamaqdır.