RU

İrəvan Qarabağdan köçənlər üçün Rusiya yardımından imtina etdi-sensasion səbəb  


Rəsmi İrəvan Rusiyanın Qarabağdan köçmüş insanlara humanitar yardımından imtina edib.

Musavat.com bildirir ki, bu barədə RİA Novosti-yə İrəvandakı diplomatik mənbə bildirib.
“Rəsmi İrəvan Rusiyanın Qarabağdan olan məcburi köçkünlərə humanitar yardımından imtina edib”-mənbə deyib.

Qeyd edilir ki, bundan əvvəl media Ermənistanda ötən il başlayan kampaniya çərçivəsində ümumilikdə 7 min Qarabağ ermənisinin humanitar yardım aldığını bildirmişdi.

Qarabağdan olan köçkünlərə dəstək üçün humanitar kampaniya ANO Avrasiya tərəfindən Rusiyanın Humanitar Missiyası ilə birgə, Rossotrudniçestvo-nun dəstəyi ilə həyata keçirilir.
Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan ötən gün Qarabağdan köçmüş ermənilərlə bağlı hökumətin siyasətini açıqlamışdı. “Qarabağlı bacı-qardaşlarımızın emosiyalarının istismar olunmaması, onlara boş ümidlər bəslənməməsi ən mühüm vəzifələrimizdən biridir” - deyə baş nazir bildirmişdi.

Martın 11-də Strasburqda Avropa Parlamentində çıxışı zamanı Paşinyan daha sonra demişdi: “Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: qarabağlı qardaş və bacılarımız Ermənistan vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi məskunlaşmalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə kimi 4886 ailə bundan bəhrələnib.
Sülhün möhkəmləndirilməsinə yönəlmiş bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstək tələb edirik”.

Bundan sonra İrəvanın Rusiya yardımından imtina etməsi barədə xəbərlər maraq doğurur. İrəvanın bu imtinası nə ilə bağlıdır?

Deputat Sahib Alıyev Musavat.com-a bildirib ki, Ermənistan hökumətinin Qarabağı özləri tərk edib gedənlərə yardımı dayandırması gözlənilən hal idi və bunun bir neçə səbəbi var: “Bizim üçün önəmliliyi baxımından sıralasaq, birinci səbəb rəsmi İrəvanın Qarabağ mövzusunu həqiqətən də qapatmaq istədiyini, bunun öz əleyhlərinə işlədiyini tam dərk etməsidir. İkinci səbəb odur ki, hələ yardım verilməyə başlananda baş nazir Paşinyan da bildirmişdi ki, o, müvəqqəti xarakter daşıyır, Qarabağı tərk edib Ermənistana gələn soydaşları əmək bazarına daxil olmalı və öz bizneslərini qurmalıdırlar. Ona görə də əvvəl onlara ayda haradasa 225 manat məbləğində aylıq yardım edilirdisə, sonra o, 180 manata, daha sonra isə 125 manata endirildi”.

S.Alıyev digər, çox önəmli bir detala diqqət çəkərək bildirib ki, üçüncü səbəb Qarabağ haylarının çoxunun Rusiyanın təsiri altında olmalarıdır: “Ermənistan hakimiyyətinin onları öz tərəfinə çəkmək planı müxtəlif səbəblərdən alınmadı. Burada ən mühüm səbəb isə, həmən Qarabağ haylarının böyük bir hissəsinin Rusiyada yaşamaları və oradakı bəlli qurumun nəzarəti altında olmaları, oradan Ermənistandakı qohumlarına pulla yanaşı anti Paşinyan ismarıcları göndərmələridir”.

E.Paşasoy,
Musavat.com

 

Избранный
56
50
musavat.com

10Источники