RU

"İranda vətəndaş müharibəsi riski Azərbaycanın sabitliyi üçün ciddi təhdiddir” – Metyu Brayza

"Hazırda ABŞ və İran arasında davam edən hərbi münaqişənin müddəti və hədəfləri barədə ziddiyyətli fikirlər mövcuddur. Mən hesab edirəm ki, ABŞ-nin İrana qarşı apardığı müharibə daha bir neçə həftə davam edə bilər – bəlkə dörd həftə, bəlkə beş həftə, kim bilir.  ABŞ-nin Prezidenti Donald Trampın müharibənin tezliklə başa çatacağına dair əvvəlki bəyanatlarına baxmayaraq, hərbi rəhbərlik əməliyyatların hələ ilkin mərhələdə olduğunu və daha bir neçə həftə davam edə biləcəyini vurğulayır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirdi.

"ABŞ-nin müdafiə naziri Pit Heqset və general Den Keyn tərəfindən səsləndirilən rəsmi mövqe ondan ibarətdir ki, İranın ballistik raket potensialı, hərbi dəniz qüvvələri və nüvə obyektləri tamamilə məhv edilənədək döyüşlər dayanmayacaq. Hətta İranın silah istehsal edən sənaye bazasına birbaşa hava hücumlarının təşkili də əsas hədəflər sırasındadır" - deyən diplomat əlavə etdi ki, münaqişənin ən narahatlıq doğuran tərəflərindən biri onun regional sabitliyə vura biləcəyi zərbədir:

"İsrail hökumətinin bəyan etdiyi kimi, əsas məqsəd İran rejimini tamamilə devirməkdir. Bu cür kəskin hədəf İran daxilində vətəndaş müharibəsi riskini artırır ki, bu da bütün regionun, xüsusilə də böyük etnik azərbaycanlı əhalisinə malik olan və coğrafi baxımdan yaxınlıqda yerləşən Azərbaycanın sabitliyi üçün ciddi təhdid yaradır. Eyni zamanda, İran tərəfi, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ geri çəkilsə belə müharibənin taleyinə özlərinin qərar verəcəyini və sona qədər döyüşəcəklərini bəyan ediblər".

Metyu Brayzanın sözlərinə görə, qlobal müstəvidə bu müharibə yalnız enerji daşıyıcılarının qiymətinə deyil, həm də strateji təchizat zəncirlərinə kütləvi şəkildə təsir edə bilər:

"Hörmüz boğazı vasitəsilə daşınan kükürd bu zəncirin ən kritik halqalarından biridir. Kükürd tədarükünün kəsilməsi qlobal gübrə istehsalını iflic edərək ərzaq təhlükəsizliyini təhlükəyə ata, həmçinin mis kimi metalların emalını dayandıraraq yarımkeçirici və çip sənayesində böhran yarada bilər. Sonda qeyd edim ki, müharibənin dayandırılması üçün ABŞ-nin geri çəkilməsi vacib olsa da, İsrail və İran arasındakı uzunmüddətli düşmənçiliyin idarə olunması ən çətin vəzifə olaraq qalacaq".

Xədicə BAXIŞLI

Избранный
97
1
redaktor.az

2Источники