RU

Dilənçilərə cərimə: Deputat dəyişikliyə belə haqq qazandırdı

Xəbər verdiyimiz kimi, dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 523-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Maraqlıdır, dilənçilərin aqibəti necə olacaq?

Mövzu ilə bağlı “Cepbheinfo.az” –a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, bu, neqativ halların qarşısını almaq üçün atılmış addımdır:

“Burada əsas hədəf dilənçiliyi peşəyə çevirərək yeniyetmələri bu prosesə cəlb edən şəbəkələrin dövlət və qanun tərəfindən müəyyən dərəcədə nəzarət altına alınmasıdır. Yeni sanksiyalar məhz bu səbəbdən sərt şəkildə qoyulub.

Bu fəaliyyətlə məşğul olanların hansı ictimai qrupa mənsub olmalarından asılı olmayaraq, bu prosesin aydınlaşdırılmasına ehtiyac var. Xüsusilə kimsəsiz, imkansız və valideynsiz uşaqları bu fəaliyyətə cəlb edənlər ciddi şəkildə cəzalandırılacaq və bu, qanunda əvvəlcədən nəzərdə tutulub”.

O qeyd edib ki, bu addım sosial məsuliyyət və digər mühüm məsələlər nəzərə alınaraq atılıb:

“Eyni zamanda, imkanları məhdud olan insanlara dövlətin sosial müdafiə sistemi vasitəsilə dəstək göstərilir. Amma konkret olaraq, bu fəaliyyətlə məşğul olmağın fəsadları  cəmiyyətin ictimai mühitinə vurulan mənəvi zərər nəzərə alınaraq belə bir sərt tədbir tətbiq olunub”.

Избранный
108
cebheinfo.az

1Источники