RU

Avropanın enerji xəritəsində yeni güc mərkəzi – Bakı

“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri beynəlxalq təşkilatlarla və onlara üzv dövlətlərlə əlaqələrin inkişaf etdirilməsidir. Bu siyasətin ən mühüm istiqamətlərindən biri də Azərbaycan ilə Avropa arasında formalaşan strateji tərəfdaşlıqdır. Son illərdə bu münasibətlər xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional sabitlik sahələrində yeni mərhələyə qədəm qoyub.

Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Bakı–Brüssel münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər zamanı keçirilən görüşlər və verilən bəyanatlar göstərdi ki, tərəflər əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır və bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu
Deputat qeyd edib ki, müasir dövrdə Avropa üçün enerji təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir: “Qlobal enerji bazarında baş verən dəyişikliklər Avropa ölkələrini yeni və etibarlı enerji mənbələri axtarmağa vadar edir. Bu baxımdan Azərbaycan Avropa üçün mühüm tərəfdaş kimi çıxış edir.

Prezident  İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Avropa bazarı üçün etibarlı enerji təchizatçısıdır və enerji əməkdaşlığı tərəfdaşlığın əsas sütunlarından biridir. 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Aİ–Azərbaycan Strateji Enerji Tərəfdaşlığı Memorandumu bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün mühüm yol xəritəsi rolunu oynayır.

Son illərdə Azərbaycanın Avropaya qaz ixracı həm həcminə, həm də coğrafiyasına görə əhəmiyyətli dərəcədə artıb. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır, ümumilikdə isə 16 ölkə Azərbaycan qazından istifadə edir. Bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixracı baxımından dünyada ən geniş coğrafiyaya malik ölkələrdən birinə çevrildiyini göstərir”.

Yaşıl enerji əməkdaşlığı və yeni perspektivlər

O əlavə edib ki, enerji əməkdaşlığı yalnız neft və qazla məhdudlaşmır: “Qlobal çağırışlardan biri olan yaşıl enerji keçidi Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni istiqamətlərindən birinə çevrilib.

Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir. Xəzər dənizində külək enerjisi, ölkənin müxtəlif bölgələrində Günəş və hidroenerji resursları bu sahədə geniş imkanlar yaradır. Dövlət başçısının açıqladığı planlara əsasən, yaxın 5–6 il ərzində Azərbaycan ixraca hazır olan 6–8 giqavat bərpaolunan enerji istehsal etməyi hədəfləyir.

Bu məqsədlə Avropa tərəfdaşları ilə dəniz dibi enerji kabelləri, elektrik ötürmə xətləri və enerji infrastrukturu üzrə bir sıra layihələr həyata keçirilir. Bu layihələr gələcəkdə Azərbaycanı yalnız qaz ixracatçısı deyil, həm də yaşıl enerji təchizatçısı kimi Avropa enerji bazarında mühüm aktora çevirə bilər.

Orta Dəhliz və logistika əməkdaşlığı

Azərbaycanın strateji əhəmiyyətini artıran digər mühüm amil isə onun coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu ilə bağlıdır. Şərq ilə Qərbi birləşdirən nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi rolunu oynayır.

Bu baxımdan Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələri genişlənir, yeni logistika marşrutları formalaşır.
Eyni zamanda TRIPP layihəsi və Bakı–Naxçıvan dəmir yolu xəttinin bərpası regionda nəqliyyat əlaqələrinin daha da güclənməsinə xidmət edəcək. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan regionun sabitliyinə və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir.

Sülh prosesi və regional sabitlik
Azərbaycanın Avropa ilə münasibətlərində mühüm mövzulardan biri də regional təhlükəsizlik və sülh məsələsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması regionun inkişafı üçün əsas şərtdir.
Son illərdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar regionda yeni siyasi reallıq yaradıb. Azərbaycanın Ermənistana tranzit və ticarət imkanları açması, iqtisadi əməkdaşlığa hazır olduğunu nümayiş etdirməsi ölkənin sülhə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir.
Bu proses Avropa İttifaqı tərəfindən də dəstəklənir və regionda sabitliyin təmin olunması Bakı–Brüssel əməkdaşlığının mühüm istiqamətlərindən biri hesab olunur.

Yeni geosiyasi reallıq

Müasir geosiyasi reallıq göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda mühüm tərəfdaşa çevrilir. Enerji ehtiyatları, logistika imkanları və balanslaşdırılmış xarici siyasəti sayəsində ölkə Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaş kimi mövqeyini gücləndirir.
Bu reallıq fonunda Bakı artıq Avropanın enerji və nəqliyyat xəritəsində mühüm mərkəz kimi çıxış edir. Enerji təhlükəsizliyi, logistika və rəqəmsal əməkdaşlıq sahələrində inkişaf edən Bakı–Brüssel tərəfdaşlığı gələcəkdə daha geniş strateji əməkdaşlıq perspektivləri vəd edir.
Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Bu tərəfdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə regionun iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və siyasi sabitliyinə mühüm töhfə verəcək”.

 Mürtəza

Избранный
25
1
olke.az

2Источники