RU

Ad, soyad dəyişdirilsə, kredit borcu ləğv oluna bilər? - AÇIQLANDI

Son günlər gündəmdə olan aktual məsələlərdən biri də borca görə ad və soyadın dəyişdirilməsi mövzusudur. Bəzi insanlar hesab edir ki, adını dəyişməklə bankların, sözün əsl mənasında, "radarından" yayınmaq və kredit borclarından qurtulmaq mümkündür.

Bəs doğrudanmı adını dəyişən şəxsin əvvəlki borcları silinir?

Day.Az xəbər verir ki, digər sakinlər də hesab edir ki, kredit öhdəliklərindən bu şəkildə qurtulmaq mümkün deyil, çünki bütün məlumatlar elektron sistemlərdə saxlanılır.

Hüquqşünas Əkrəm Həsənov İctimai TV-yə bildirib ki, Azərbaycanda kredit tarixçəsi ad və soyadla deyil, şəxsiyyət vəsiqəsindəki dəyişməz və unikal FİN kod vasitəsilə müəyyən edilir. Onun sözlərinə görə, vətəndaşın adını və ya soyadını dəyişməsi kredit tarixçəsinə təsir etmir.

"Azərbaycanda hər bir vətəndaşın şəxsiyyət vəsiqəsində FİN kodu var. Bu kod unikal identifikasiya vasitəsidir və dəyişmir. Ad və ya soyad dəyişsə belə, həmin FİN kod həmin şəxslə bağlı qalır və kredit bürosunda kredit tarixçəsi də məhz bu kod əsasında müəyyən olunur", - deyə hüquqşünas qeyd edib.

Azərbaycan Banklar Assosiasiyasından da bildirilib ki, ad və ya soyadın dəyişdirilməsi borcun silinməsi demək deyil. Bu halda sadəcə məlumat bazalarında müştəri barədə informasiya yenilənir.

Belə hallarda banklar müştərilərdən yeni sənədləri qəbul edir, identifikasiya məlumatlarını yeniləyir və kredit müqaviləsi üzrə borcun eyni şəxsə məxsus olduğunu müvafiq informasiya sistemləri vasitəsilə yoxlayır. Zərurət yarandıqda bankın daxili sənədlərində və müştəri məlumat bazalarında da dəyişikliklər aparılır.

Qeyd olunur ki, təcrübədə bu kimi hallar geniş yayılmayıb və adətən nikah və ya boşanma nəticəsində soyad dəyişiklikləri zamanı rast gəlinir. Ad və ya soyadın könüllü dəyişdirilməsi isə daha nadir hallarda baş verir.

Nəticə etibarilə, ad və ya soyadın dəyişdirilməsi borcdan yayınmaq yolu deyil və mövcud maliyyə öhdəlikləri qüvvədə qalır.

Elcan Turan
Day.Az

Избранный
58
day.az

1Источники