RU

Azərbaycan və Avropa İttifaqı: Əlaqələrin inkişafı necə nətilənəcək?

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın xarici siyasət strategiyasında Avropa istiqaməti hər zaman prioritet təşkil edib, lakin son dövrlərdə Prezident İlham Əliyev və Avropa Şurasının Prezidenti Antonio Kosta arasındakı təmaslar bu münasibətlərin artıq yeni, daha strateji bir müstəviyə keçdiyini göstərir.

Energetika təhlükəsizliyindən tutmuş regional sabitliyin qorunmasına qədər geniş spektri əhatə edən bu əməkdaşlıq, Azərbaycanın həm regionda, həm də qlobal arenada çəkisini əhəmiyyətli dərəcədə artırır.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirməsi ölkənin regional siyasətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Arzu Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurası Prezidenti Antonio Koşta arasında keçirilən görüşdə əsas diqqət təhlükəsizlik, nəqliyyat və regional əməkdaşlıq, eləcə də enerji məsələlərinə yönəlib: 

"Hər iki tərəf belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan-Avropa əlaqələrinin daha da dərinləşdirilməsi üçün yeni əməkdaşlıq çərçivəsinin yaradılmasının zəruriliyini qeyd edib".

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi ölkənin regional siyasətinə bir neçə mühüm təsir göstərir:

"Belə ki, bu əməkdaşlıq iqtisadi və texnoloji modernləşməni sürətləndirə, geosiyasi balansı gücləndirə və Azərbaycanın enerji və tranzit mərkəzi kimi rolunu möhkəmləndirə bilər".

Həmsöhbətimiz vurğulayıb ki, enerji sahəsində Azərbaycan artıq Avropanın bir sıra ölkələrinə qaz ixrac edir və regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş hesab olunur:

"Cənub Qaz Dəhlizi və bərpa olunan enerji layihələri, həmçinin uzunmüddətli enerji müqavilələri Azərbaycanın iqtisadi və siyasi təsirini artırır, onu strateji tranzit və təchizat ölkəsi kimi möhkəmləndirir".

Arzu Nağıyev: Avropa İttifaqı artıq Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edir

Deputat onu da söyləyib ki, regional nəqliyyat və logistika sahəsində Orta Dəhliz, Trans-Xəzər marşrutu, Orta Dəniz və Mərkəzi Asiya ilə əlaqələr, eləcə də, Çindən Avropaya çıxış kimi layihələr Azərbaycanın tranzit qovşağı kimi rolunu gücləndirir:

"Bu, həm də təhlükəsizlik sahəsində balanslaşdırılmış xarici siyasət kursunun təmin olunmasına, Qərb strukturları ilə koordinasiyalı məlumat və informasiya mübadiləsinə, diplomatik təsirin artmasına imkan yaradır".

Arzu Nağıyev vurğulayıb ki, iqtisadi və texnoloji əməkdaşlıq çərçivəsində Avropa ilə əlaqələr rəqəmsal texnologiyalar, bərpa olunan enerji, süni intellekt və data mərkəzlərinin inkişafını əhatə edir:

"Bu isə Azərbaycanın iqtisadiyyatının neft-qaz sektorundan kənar sahələrə diversifikasiyasını sürətləndirir. Görüş göstərir ki, Avropa İttifaqı artıq Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edir və əməkdaşlığı daha da genişləndirməyə maraqlıdır".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
bakivaxti.az

1Источники