RU

Putinin dostu siyasi səhnəyə qayıdır-Paşinyan hökuməti üçün “əcəl zəngi”...


Ermənistanda iyun ayında baş tutacaq parlament seçkiləri yaxınlaşdıqca, ölkədə hakimiyyət uğrunda mübarizə daha da kəskinləşir. Yeni-yeni qüvvələr prosesə qoşulmaqdadır. Bir sözlə, Ermənistan baş naziri Nikol Paşinyan üçün durum getdikcə ağırlaşır.

Belə bir vaxtda ölkənin sabiq prezidenti Robert Köçəryanın ətrafında yeni siyasi ittifaqın formalaşdırılacağı yönündə xəbərlər yayılıb. Hətta ittifaqın martın 16-da elan olunacağı bildirilir. Bütün bunlar İrəvan siyasi dairələrində ciddi müzakirələrə səbəb olub.

Yeni ittifaq Ermənistanın siyasi səhnəsində qüvvələr balansını dəyişə bilərmi? Paşinyan qarşıdan gələn seçkilərdə məğlubiyyətlə üzləşə bilərmi? Uzun illər Ermənistan siyasətində mühüm fiqur olmuş Köçəryan yenidən hakimiyyətə qayıtmaq şansını real siyasi gücə çevirə biləcəkmi?

Burada bir detal da diqqəti çəkməyə bilməz. Hamıya məlumdur ki, sabiq prezident hər zaman Kremlin adamı kimi tanınır və qəbul olunur. Vaxtı ilə Putin-Köçəryan dostluğu barədə də mediada az xəbərlər tirajlanmayıb. Hətta Köçəryanı zamanında həbsxanadan Putinin buraxdırdığı da yaddaşlardadır.
O zaman Moskva bu prosesdə hansı mövqeni tutacaq? Regionda təsir imkanlarını qorumağa çalışan Rusiya yenidən Köçəryan kartını işə salacaqmı? Ermənistanın daxili siyasi proseslərində Kremlin dolayısı təsiri nə dərəcədə rol oynaya bilər?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, istənilən ölkədə seçkilər ərəfəsində siyasi münasibətlər kifayət qədər gərginləşir və Ermənistan da bu baxımdan istisna deyil: “Seçkilərin yaxınlaşması ilə Paşinyan iqtidarına qarşı müxalif cəbhənin koalisiya danışıqları intensivləşir, yeni siyasi ittifaqın yaradılması barədə söz-söhbətlər dolaşmaqdadır. Köçəryanın ətrafında narazı qüvvələrin birləşməsi və Paşinyan hakimiyyətinə qarşı çıxışı ilə bağlı məlumatlar isə yenilik hesab olunmur.
Artıq 2020-ci il Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra bu cür fikirlər tez-tez ortaya çıxır. Üstəlik, Köçəryanın Putin tərəfindən dəstəkləndiyi barədə ictimaiyyətdə geniş məlumatlar mövcuddur. Buna rəğmən, indiyə qədər müxalifət hakimiyyəti nəinki dəyişə bilməyib, hətta onun zəifləməsinə belə nail olmayıb. Seçkilər qabağı vahid blokun yaranması Paşinyanın işini çətinləşdirə bilər, lakin bunun onun məğlubiyyətinə gətirib çıxaracağına inam yoxdur”.

Partiya sədrinin fikrincə, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti həqiqətin nədə və harada olduğunu dərk edir: “Uydurma iddialarla və xəyallarla yaşamağın acı sonluğunu artıq dadıblar və buna görə də keçmişə səs verəcəkləri inandırıcı görünmür. Köçəryan və Sərkisyan hakimiyyəti dövründə vətəndaşların hüquqları kütləvi şəkildə pozulub, korrupsiya və rüşvətxorluq tüğyan edib, vəzifələrə isə yerliçilik prinsipləri ilə insanlar təyin olunub.

Rusiyanın bu seçkilərə təsiri şübhəsiz olacaq və Köçəryan mərkəzli müxalifət düşərgəni böyük ehtimalla dəstəkləyəcək və daha da güclənməsinə çalışacaq. Bu, Paşinyana qarşı təzyiq göstərmək və onunla razılaşma əldə etmək üçün taktiki addım ola bilər. Rusiya bu yolla, yəni Paşinyanı dəyişmədən də, Ermənistanı öz nəzarətində saxlamağa müvəffəq ola bilər. Son günlər isə Ermənistan iqtidarı Rusiya ilə münasibətləri normallaşdırmağa meyllidir və dərk edirlər ki, Rusiya ilə kəskin münasibətlər ölkəyə heç bir fayda gətirməyəcək. Seçkilərin nəticələrini analiz edərək demək olar ki, seçkilərdən sonra Paşinyan iqtidarının Rusiyaya meylliliyi arta bilər, bu isə müxalifət qüvvələrinin seçki prosesində ortaya qoyduğu gücdən asılı olacaq”.


Cavanşir ABBASLI
Musavat.com

Избранный
113
32
musavat.com

10Источники