Bakı, 12 mart, AZƏRTAC
Liderlik insanları təhlükəsizliyə, sülhə, barışa və inkişafa yönəldir. Bu, tarixi dərs bütün ölkələr, o cümlədən Azərbaycan üçün mühümdür.
AZƏRTAC xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumunun iştirakçısı, Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulu paneldə deyib.
“İndoneziya 1998–1999-cu illərdə referendum nəticələrinə hörmət edərək cəmiyyəti barış və inkişaf yoluna çıxarmağa nail olub. Liderlik, dövlətçilik və dialoq bu prosesin əsas faktorları olub. İndoneziya bu gün siyasi zorakılıq, etnik və dini əsaslı qruplaşmaların olmadığı, iqtisadiyyatı inkişaf edən və xarici investisiyaları cəlb edən bir ölkəyə çevrilib”, - deyə o vurğulayıb.
Prezident Jose Ramos-Horta, həmçinin vurğulayıb ki, sülh və sabitliyin təmin edilməsi üçün dialoq və əməkdaşlıq hər zaman prioritet olmalıdır.