RU

Şou proqramların səviyyəsi aşağı düşüb – Esmira Rəhimova

Son dövrlər televiziya kanallarında yayımlanan bəzi şou proqramlarında səslənən mənasız və cəmiyyətə uyğun olmayan fikirlər tez-tez müzakirə mövzusuna çevrilir. Azərbaycanda televiziya şouları, xüsusilə əyləncə və mədəniyyət proqramları uzun illərdir geniş auditoriya tərəfindən izlənilir. Lakin son dövrlər bu verilişlərin məzmunu və səviyyəsi ilə bağlı tənqidlər artmaqdadır.

Mövzu ilə bağlı “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a olan açıqlamasında bildirib ki, televiziya şouları cəmiyyətə müəyyən təsir göstərən mühüm platformalardır. Onun sözlərinə görə, bu tip verilişlər insanların əylənməsinə xidmət etməklə yanaşı, onların zövqünün formalaşmasına və faydalı informasiya əldə etməsinə də imkan yaratmalıdır.

E.Rəhimovanın sözlərinə görə, hazırda televiziya kanallarında faydalı və maarifləndirici şou proqramların sayı azdır. O qeyd edib ki, son illərdə bu proqramların səviyyəsinin aşağı düşdüyü açıq şəkildə hiss olunur.

Sədr vurğulayıb ki, bəzi verilişlərdə şəxsi həyata müdaxilə, insan heysiyyətini alçaldan və bayağı məzmunlu mövzuların müzakirəsi üstünlük təşkil edir. Onun fikrincə, bu hallar televiziya məkanının keyfiyyətinə mənfi təsir göstərir.

Esmira Rəhimova bildirib ki, televiziya kanallarında “sosial veriliş” adı ilə yayımlanan proqramların əsas məqsədi maarifləndirmə və ictimai problemlərin müzakirəsi olsa da, praktikada bəzi hallarda ailədaxili münaqişələrin açıq şəkildə müzakirəsinə və şəxsi məlumatların ifşasına gətirib çıxarır.

O qeyd edib ki: “Belə hallarda veriliş sosial problemlərin həll platformasına deyil, emosional tamaşa obyektinə çevrilir”

E.Rəhimovanın sözlərinə görə, şou proqramların ailə dəyərlərinə təsiri həm müsbət, həm də mənfi ola bilər. O hesab edir ki, burada əsas məsələ tamaşaçıların şüurlu yanaşması və verilişlərə nəzarət mexanizmlərinin düzgün qurulmasıdır.

Sədr qeyd edib ki, telekanallar bu cür proqramları əsasən yüksək reytinq və maliyyə imkanları ilə əsaslandırırlar. Lakin onun fikrincə, bu yanaşma cəmiyyətin həmin verilişlərə münasibəti ilə çox vaxt ziddiyyət təşkil edir.

Esmira Rəhimova vurğulayıb ki, televiziya cəmiyyət üçün davranış modelini formalaşdıran güclü vasitələrdən biridir. “Əgər efirdə aqressiv ton, qışqırıq və qarşılıqlı təhqir adi hala çevrilirsə, bu, sosial münasibətlərə də təsir göstərir” – deyə o bildirib.

Sədr əlavə edib ki, mövcud problemlərin bir hissəsi aparıcı faktorundan da qaynaqlanır. Onun sözlərinə görə, bəzi proqramlarda aparıcı moderator rolundan çıxaraq hakim mövqeyi tutur, studiyada emosional qarşıdurmaların süni şəkildə artırılmasına şərait yaradır.

E.Rəhimova hesab edir ki, televiziya studiyası məhkəmə zalı deyil və sosial problemlərin həlli emosional təzyiq və ictimai qınaq üzərində qurulmamalıdır.

Sonda sədr qeyd edib ki, media ailə institutunu zəiflədən deyil, onu gücləndirən platformaya çevrilə bilər. Bunun üçün isə həm dövlət, həm media qurumları, həm də ailələr məsuliyyət daşıyır. Onun fikrincə, belə verilişlərin cəmiyyətə və televiziyaya vurduğu zərərlər barədə ciddi şəkildə düşünmək lazımdır.

Fatimə Nəbiyeva

Избранный
225
26
qht.az

10Источники