AZ

Gəncliyimiz şou proqramların mənfi təsirindən qorunmalıdır – İradə Polad

Son dövrlər televiziya kanallarında yayımlanan bəzi şou proqramlarında səslənən mənasız və cəmiyyətə uyğun olmayan fikirlər geniş müzakirələrə səbəb olur. Bu verilişlərə nəzarət və müəyyən qayda-qanunların hazırlanması istiqamətində işlərin aparılması, müsbət addım kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyinin sədri İradə Polad QHT.az-a açıqlama verib.

İ.Poladın sözlərinə görə, son illərdə Bakı televiziyalarında yayımlanan şou proqramların keyfiyyəti Azərbaycan tamaşaçısı üçün qənaətbəxş deyil və milli adət-ənənəyə uyğun deyil: “Bu, gələcək gənc nəslin tərbiyəsinə birmənalı şəkildə mənfi təsir bağışlayır.”

İradə Polad bildirib ki, keçmişdə efirlərdə caz, muğam, klassik və etnik ritmlərin yüksək səviyyədə təqdim olunması və milli rəqslərin göstərilməsi gənclərin musiqi sənətinə marağını artırırdı: “Biz görmüşük ki, şou proqramlar yalnız restoranlarda aparılır, amma artıq Azərbaycan efirlərində bu cür proqramlar düzgün aparılmır.”

Sədr vurğulayıb ki, efir mədəniyyətinin qorunması üçün media qurumlarının məsuliyyət daşıması vacibdir: “Əgər insanlar efirdə düzgün aparılmayan proqramlarda iştirak edirsə, onları məsuliyyətə cəlb etmək lazımdır".

İ.Poladın sözlərinə görə, hazırkı şou proqramların təsiri gənc nəsil üçün problem yaradır: “Bu gün şou proqramlardan öyrənən gənc qızlarımız həmin müğənniləri və aparıcıları təqlid edirlər, müxtəlif internet səhifələrində həmin şəkilləri paylaşırlar və bu, gəncliyimizə yaraşmayan bir haldır".

Sədr əlavə edib ki, televiziya və Media Şurası efir mövzularının düzgün tərtibatı və nümunəvi proqramların yayımı istiqamətində tədbirlər görməlidir: “Efir mədəniyyəti hər kəsin məsuliyyət daşıdığı bir sahədir. Təəssüf ki, bəzi proqramlarda yalnız sponsor maraqları və baxış sayı əsas götürülür, bu isə düzgün deyil".

Fatimə Nəbiyeva

Seçilən
27
qht.az

1Mənbələr