RU

İctimai nəqliyyatda “yer vermək” QALMAQALI: Hörmət, yoxsa şəxsi seçim? - KULTUROLOQ AÇIQLADI

İctimai nəqliyyatda sərnişinlərin davranışı cəmiyyətin ümumi mədəniyyət səviyyəsini əks etdirən mühüm göstəricilərdən biridir. Xüsusilə avtobus və metro kimi sıx istifadə olunan nəqliyyat vasitələrində “yer vermək” məsələsi tez-tez müzakirə mövzusuna çevrilir. Yaşlı insanlar, gənclər və digər sərnişinlər arasında bu mövzuda fərqli fikirlərin olması bəzən narazılıqlara səbəb olur. Bəziləri hesab edir ki, yaşlılara yer vermək hörmət və tərbiyənin vacib göstəricisidir. Digərləri isə ictimai nəqliyyatda hər kəsin bilet alaraq eyni hüquqa sahib olduğunu və buna görə də kiminsə mütləq şəkildə yer verməyə borclu olmadığını düşünür.

Məsələ ilə bağlı kulturoloq Aydınxan Əbilov SİA-ya açıqlamasında bildirib ki, insanlar arasında belə bir düşüncə var ki, gənclər yaşlı nəslə, hamilə qadınlara və fiziki cəhətdən zəif görünən insanlara ictimai nəqliyyatda yer verməlidir:

"Bu fikir illərdir cəmiyyətimizdə formalaşmış bir davranış qaydası kimi qəbul olunur. Əvvəllər bəlkə də bu, daha məntiqli görünürdü. Çünki o dövrdə nəqliyyat imkanları az idi, avtobuslar daha narahat idi və sosial sistemlər indiki qədər inkişaf etməmişdi. Buna görə də insanlar bir-birinə daha çox güzəştə getməyə çalışırdı.

Amma indiki dövrdə vəziyyət bir qədər fərqlidir. Müasir cəmiyyətlərdə hər kəs ictimai nəqliyyatdan eyni qaydada istifadə edir və eyni ödənişi edir. Məsələn, avtobusa minən gənc də, yaşlı insan da eyni məbləği ödəyir. Bu halda bəzən sual yaranır: əgər hər kəs eyni xidmət üçün pul ödəyirsə, niyə yalnız gənclərdən avtomatik olaraq yer vermək tələb olunmalıdır? Bu artıq bir qaydadan çox, bəzən məcburiyyət kimi təqdim olunur və bəzi hallarda gənclərə qarşı haqsız münasibət kimi qəbul edilir.

Digər tərəfdən, bu məsələni daha geniş sosial kontekstdə də düşünmək lazımdır. Həqiqətən fiziki çətinlik çəkən insanlar – məsələn, əlillər, ağır xəstələr, çox yaşlı insanlar və ya hamilə qadınlar – üçün cəmiyyətdə xüsusi sosial mexanizmlər mövcud olmalıdır. Dünyanın bir çox ölkələrində belə sistemlər artıq fəaliyyət göstərir. Məsələn, xüsusi nəqliyyat xidmətləri mövcuddur ki, onlar əlil və ya fiziki məhdudiyyətli insanları evdən götürüb istədikləri ünvana aparırlar. Bu xidmətlər sifariş əsasında işləyir və həmin insanlar üçün daha rahat və təhlükəsiz şərait yaradır. Bundan əlavə, ictimai nəqliyyatda da xüsusi yerlər ayrılır. Bu yerlər məhz fiziki olaraq daha çox ehtiyacı olan insanlar üçün nəzərdə tutulur. Belə sistemlər tətbiq olunanda məsələ daha balanslı şəkildə həll olunur və insanlar arasında gərginlik də yaranmır.

Əslində burada əsas məsələ məcburiyyət yox, qarşılıqlı hörmət və anlayışdır. Gənclər öz istəyi ilə kiməsə kömək edə bilər və bu, cəmiyyət üçün müsbət bir davranışdır. Amma bu, bir tələb və ya sosial təzyiq formasına çevriləndə artıq mübahisəli bir mövzuya çevrilir. Cəmiyyət inkişaf etdikcə, sosial qaydalar da dəyişir və bəzən köhnə stereotiplərə yenidən baxmaq lazım olur. Ona görə də bu mövzuya yalnız “yer vermək lazımdır” və ya “yer vermək lazım deyil” kimi qəti yanaşmaq düzgün olmaz. Daha vacib olan məsələ insanların bir-birinə qarşı anlayışlı və hörmətli olmasıdır. Həm gənclər, həm də yaşlı nəsil bir-birinin vəziyyətini nəzərə alaraq davrananda, belə problemlər də daha az ortaya çıxır".

Müəllif: Arzu Qurbanlı
Избранный
21
1
sia.az

2Источники