Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 23-cü turuna təsadüf edib.
“Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşmada qonaqların qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda altı top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.
Buna qədər mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da “Zirə” evdə “Kəpəz”ə, sentyabrın 21-də “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a 5 cavabsız qol vurmuşdu.
Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə 53 xal toplamış “Sabah” hazırda vahid liderdir. “Qarabağ” 49 xalla ikinci, “Turan Tovuz” isə 44 xalla üçüncü pillədə qərarlaşıb.
