RU

Yel çərşənbəsi – Baharın nəfəsi və oyanışın sədası

Qışın uzun, sükut dolu günlərindən sonra təbiətin qoynunda görünməz bir hərəkət başlayır. Sanki torpağın dərin qatlarında gizlənən həyat tədricən oyanır, ağacların budaqlarında pıçıltı kimi bir tərpəniş duyulur. Bu oyanışın ilk xəbəri isə küləyin qanadında gəlir. Elə buna görə də xalqımız baharın müjdəçilərindən biri olan Yel çərşənbəsini xüsusi bir ehtiramla qarşılayır. Qədim inanclara görə, bu gün əsən küləklər sadəcə havanı deyil, torpağın taleyini də dəyişir – yeri oyadır, suyu hərəkətə gətirir, ağacların damarlarına yeni can gətirir. 

Novruz öncəsi İlaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsinə xalq arasında “Külək oyadan çərşənbə”, “Badi-çərşənbə”, “Nəfəs çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” də deyirlər. Yel - külək insanların həyatında böyük əhəmiyyət daşıyır. Yel çərşənbəsi təbiətin nəfəsi kimi qəbul olunur. Xalq inanclarında deyildiyi kimi, “Yel əsdi, torpaq oyandı”. Bu ifadə əsrlər boyu insanların təbiətə olan münasibətini və onunla qurduğu mənəvi bağları əks etdirir. Çünki qədim türk düşüncəsində yel sadəcə külək deyil, canlı bir qüvvə, bəzən “Yel baba” adlandırılan müqəddəs bir varlıq kimi qəbul olunub.

Azərbaycanda Yel çərşənbəsi günü keçirilən mərasim və adətlər də bu qədim inancların davamı kimi günümüzə qədər yaşamaqdadır. Kənd yerlərində insanlar axşamüstü həyətlərində tonqal qalayır, ailə üzvləri onun ətrafında toplaşaraq qışın ağırlığını və yorğunluğunu geridə qoyduqlarına inanırlar. Tonqalın alovu yalnız istilik deyil, həm də təmizlənmə və yenilənmə rəmzi sayılır.

Yel çərşənbəsində bəzi bölgələrdə maraqlı mərasimlər keçirilir. İnsanlar bağlara, bostanlara gedərək meyvə ağaclarının budaqlarını yüngülcə silkələyir, “oyan, ağac, bahar gəldi” kimi sözlər deyirlər. Bu adət təbiəti oyatmaq, onu baharın gəlişinə hazırlamaq niyyətindən doğub. Küləyin ağacların arasından keçməsi isə bərəkət və bolluq əlaməti kimi qəbul olunur. 

Nənə-babalarımızın söylədiklərinə görə, Yel çərşənbəsində bazarlarda qəfəslərdə çöldən, meşədən ovlanmış quşlar satılırdı. Günahlarını yumaq, savab qazanmaq istəyənlər bu quşları satın alıb çöl-çəmənə çıxır, qəfəsi açıb quşları sərbəst buraxırdılar. Bu zaman belə sözlər deyərdilər: “azad-bezat, məni cənnətdə gözət”. Bundan başqa, gözlə görülməyən, əllə tutulmayan yelin varlığını bizə hiss etdirən vasitədən, əşyalardan biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb damların və ya təpələrin başından uçurmuşlar. Bu çərpələnglərin üzərinə Tanrıya şikayət məktubu və ya xahişnamələr yerləşdirənlər də tapılırdı. Bəzən hər məhəllə yığışıb bir darvaza boyda çərpələng hazırlayardı. Hərdən səmada ipləri bir-birinə dolaşmış çərpələnglərin sanki savaşı baş verirdi və əhali böyük maraqla bunu seyr edirdi.

 

Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq məqsədilə də çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında basdırılmış insan boyunda bir dirəyə çərpələng asır, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azacıq da olsa hərəkətə gətirməyə çalışır və oxuyurdular. “Yel babam, yelli babam, elim-obam batdı, gəl, çərpələngim yatdı, gəl”. Bu zaman kiçik oğlan uşaqları tütək, fıştırıq, sümsü kimi nəfəs alətlərini üfürərək onları səsləndirməklə yeli oyatmağa cəhd göstərirdilər. İnsanlar yel dəyirmanlarının pərlərini əlvan parça, gümüşü kağız zolaqları, güzgü qıraqları ilə bəzəyib hərlədərək çərşənbə günündə onun ətrafında çalıb-oxuyurdular. Dənizkənarı ərazilərdə yaşayanlar yelkənli qayıqlarla gəzintiyə çıxardılar.

El arasında belə bir inam da var ki, Yel çərşənbəsi gecəsi külək suyun üzərindən keçəndə çaylar və bulaqlar da oyanır. Buna görə bəzi yerlərdə insanlar su kənarına gedər, suya arzularını söyləyər və onun axarı ilə birlikdə diləklərinin gerçəkləşəcəyinə inanardılar. Bu mərasimlər qədim dövrlərdən bəri insanın təbiətlə qurduğu mənəvi dialoqun bir nümunəsi kimi dəyərləndirilir.

Yel çərşənbəsi həm də xalq yaradıcılığında, atalar sözlərində və bayatılarda öz əksini tapıb. “Yel əsməsə, yarpaq tərpənməz”, “Yel gətirdi, sel apardı” kimi ifadələr təkcə təbiət hadisəsini deyil, həyatın hərəkət və dəyişmə qanunlarını da poetik şəkildə ifadə edir.

Bu gün Yel çərşənbəsi Azərbaycanın müxtəlif bölgələrində sevinc və ümidlə qarşılanır. Uşaqların şənliyi, tonqalların alovu, küləyin səsi və ağacların xışıltısı baharın yaxınlaşdığını hiss etdirir. Sanki təbiət özü də insanlarla birlikdə bu oyanışı qeyd edir.

Baharın astanasında qeyd olunan bu qədim gün əsrlərin yaddaşından süzülərək bu günə gəlib çatıb və hər il bizə eyni mesajı verir: həyat davam edir, torpaq oyanır və ümidlər heç vaxt sönmür. Küləyin qanadında gələn bu oyanış isə xalqımızın yaddaşında Yel çərşənbəsi kimi əbədi yaşayacaq.

 

Nurəngiz Adilqızı

XQ

 

 

 

 

Избранный
16
1
xalqqazeti.az

2Источники