RU

Axı sizə neyləmişik ki, bizə atəş açırsız?

Martın 5-də İran tərəfdən Azərbaycana qarşı növbəti terror aktı oldu. Günorta saatlarında İran istiqamətindən Naxçıvana dron hücumları oldu. Bir ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşdü. Hadisə nəticəsində 4 nəfər xəsarət aldı - 3 aeroport əməkdaşı və 1 sərnişin.

Hadisədən sonra Azərbaycan XİN hücumu pisləyən bəyanat yaydı. Nazirlik Azərbaycan ərazisinə edilən bu hücumu beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu, regionda gərginliyin artmasına xidmət etdiyini bildirdi. İranın ölkəmizdə səfiri Müctəba Dərmiçilu XİN-ə çağırılaraq etiraz notası təqdim edildi.

Müdafiə Nazirliyi də açıqlama yaydı. Bildirildi ki, texniki vasitələrlə İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən 4 ədəd pilotsuz uçuş aparatının Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilməsi təsbit edilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.

Hadisədən bir neçə saat sonra Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi və sərt çıxışlar etdi.

Prezident bu hadisəni Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirdi və bildirdi ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməli və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik”.

Prezident vurğulayıb ki, İranın törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir: “Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir”.

Lakin İran rəsmiləri dron hücumunu təkzib etdilər. İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib: “İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”. 

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi isə Azərbaycanın “AnewZ” kanalına bunları deyib: “Biz qonşu ölkələrimizə hücum etmirik. İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və İran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan ABŞ və İsrail hərbi bazalarına hücum etməkdir. Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi də həmin gün Ceyhun Bayramova zəng vurub. Ceyhun Bayramov İran tərəfindən Naxçıvan ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

Əraqçi Naxçıvan ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib.

Azərbaycanı həmişə hədələyən İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın mənbələr Naxçıvan istiqamətində baş verən dron hücumu ilə bağlı sərt bəyanat yaydı. Yayılan məlumatda hücumun “Arash-2” pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi iddia olunur. Bəyanatda qeyd edilir ki, pilotsuz uçuş aparatı Naxçıvan hava limanının İsrail və ABŞ zabitlərinin fəaliyyət göstərdiyi iddia edilən hissəsini hədəfə alıb. Bildirilib ki, bu hücum rəsmi Bakıya yönəlik xəbərdarlıq xarakteri daşıyıb: “Bu isə Bakının muzdlu və xəyanətkar rejiminə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”.

SEPAH bununla dayanmayaraq Azərbaycanı yenə hədələyib. Məlumat İran Dövlət Televiziyasının teleqram kanalında yerləşdirilib. “Xatəmül-Ənbiya” qərargahının sözçüsü belə deyib: “İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb. İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq elan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri bu ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini təhlükəyə atmasınlar”.

SEPAH əvvəllər də Azərbaycanı hədələyib. Ölkəmizi İsraillə əlaqələrdə günahlandıraraq münasibətləri kəsməyi tələb ediblər. Lakin görünür, ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyat SEPAH rəhbərlərini necə çaşqın və çətin vəziyyətə salıbsa, hərəkətlərinə və danışıqlarına nəzarəti tamamilə itiriblər.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian hadisədən bir neçə gün sonra bildirib ki, İran daha qonşu ölkələrə hücum etməyəcək: “Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib. Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı Qüvvələrimiz müstəqil fəaliyyət göstərərək ölkənin şərəfini qoruyub”.

Lakin bu çıxışdan bir neçə saat sonra İran yenə qonşu ölkələrə hava hücumları həyata keçirib. İran rəsmilərinin bir-birinə zidd açıqlamaları və pərakəndə mesajları Tehran hakimiyyəti daxilində fikir ayrılığının ola biləcəyini göstərir. SEPAH Pezeşkianın üzr istəməsini səhv addım adlandırıb. Bu isə İranda baş verən siyasi sistemdəki acınacaqlı vəziyyətin olmasını göstərir.

Hadisə nəticəsində yaralanan Naxçıvan Hava Limanının əməkdaşı Vəliyeva Reyhanə “Real TV”yə müsahibə verərək bunları deyib: “Təyyarəyə minik başlayırdı, gurultulu səs eşitdik. Həmin anda işıq çıxdı, şüşələr töküldü, qaranlıq oldu. Kimsə yuxarıdan dedi ki, “bizi vurdular”. Mən onda dərk etdim. Çölə çıxdım üç nəfərə, əlavə 2 iş yoldaşıma köməklik etdim. Sonra narahat oldum. Təzə özümə gəlmişdim dedilər, ikinci gəlir. Qaçın gizlənin! Rəfiqəmlə qucaqlaşıb qaçdım, sonra xidmət başında olduğumuz üçün aeroportun həyətinə qayıtdıq”.

Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayeva isə təsirli paylaşım edib. O deyib ki, dərs vaxtı məktəblərinin yaxınlığında güclü partlayış olub: “Biz deyib güldüyümüz sinif otaqlarından gözləmədiyimiz bir halda, xəbərsiz şəkildə həyəcanla çölə qaçdıq. Bizim nə üst geyim, nə çanta götürməyə vaxtımız olmadı. Qulağımızdakı səslər, keçirdiyimiz hisslər bizim üçün unudulmazdır. Axı, biz bilmirdik bunları kim edib. Sən demə, bu nankorluğu bizə edən qonşu dövlət İran imiş. Amma böyüklərimiz heç təəccüblənmədilər. Onlar dedilər ki, İran bizə qarşı həmişə belə nankor və şərəfsiz olub. Axı biz sizə neyləmişik ki, bizə atəş açırsız. Bu günahsız uşaqlar, biz şagirdlər niyə sizin hərbi hədəfiniz olmuşuq? Mən burdan doğma Bakıya, Gəncəyə, Şamaxıya, Qazaxa, Urmiyaya, Zəncana, Həmədana, canım Təbrizim sənə səslənirəm. Bizim bu cinayətlərə qarşı səsimizə səs verin”.

Xatırladaq ki, İranın Azərbaycana qarşı etdiyi bu hücum ilk belə hal deyil. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olmuşdu. İran vətəndaşı Yasin Hüseynzadə avtomat silahla mühafizə postunu yararaq səfirlik əməkdaşlarına atəş açmışdı. Nəticədə səfirliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov həlak olmuş, iki mühafizəçi isə yaralanmışdı. O, İran polisi tərəfindən saxlanılaraq istintaqa cəlb olundu. Azərbaycanın qətiyyətli addımı sayəsində məhkəmənin qərarı ilə edam cəzasına məhkum edildi və cəza yerinə yetirildi.

Bu hadisəyə görə Azərbaycanın İrandakı səfirliyi fəaliyyəti dayandırdı və əməkdaşlarımız Vətənə döndü. İran ilə aparılmış danışıqlardan sonra yalnız 15 iyul 2024-cü il tarixindən etibarən səfirliyimiz yeni ünvanda fəaliyyətini bərpa etdi.

Hadisə ilə bağlı Herbiand.az-a danışan hərbi ekspert Abuzər Əbilov deyib ki, hazırda İranda hakimiyyət vakumu var: “Çünki Naxçıvana endirilən dron zərbələrindən sonra İran prezidenti Pezeşkian bəyan etdi ki, bu səhvdir. Biz bilirik ki, Pezeşkian Azərbaycanla düşmən deyil. Onun ölkəmizə səfərləri olub. Lakin, hazırki dönəmdə İranda hakimiyyətdə boşluq var. İran prezidenti bəyan etdi ki, əgər region ölkələrindən onların ərazisinə hücum üçün istifadə olunmasa, onda İran heç bir hücumlar etməyəcək. Ancaq üstündən bir neçə saat keçəndən sonra SEPAH-ın yüksək rütbəli zabirləri bildirdilər ki, xeyr, bu belə deyil. Hətta, Azərbaycanı dəfələrlə günahlandırırlar ki, bizim ərazimizdə İrana düşmən olan dövlətlərin hərbi bazaları yerləşdirilib. Yaxın zamanlarda İranda nümayiş olunan “Səhər” verilişində Azərbaycana qarşı belə ittiham irəli sürdülər ki, Zəngilanda İsrailin hərbi müşahidə bazası var. Sübut kimi işğaldan azad olunmuş ərazidə tikilmiş obyektləri yoxlamadan, bilmədən şər ataraq İsrailin hərbi bazası kimi öz tamaşaçılarına çatdırmağa çalışdılar”.

Hərbi ekspert bildirib ki, İranın Azərbaycana qarşı davranışı indiki məsələ deyil: “Tarixə qayıtsaq İranın hələ birinci Qarabağ savaşında Ermənistana etdiyi yardımlar haqqında çox danışılıb. Amma mən iştirakçısı olduğum hadisəni danışacam. 1994-cü ilin iyun-iyul aylarında yenicə atəşkəs elan olunan zaman idi. Biz Daxili Qoşunların şəxsi heyəti Füzulini Qazaxlar kəndində mövqedə durmuşduq. Qarşı tərəfi çox yaxşı görmədiyimizdən Azərbaycan sərhəddi boyunca - Araz çayı qırağı ilə qamışlığın arxa tərəfində gizli mövqe qurduq. Oradan düşməni yaxşı müşahidə edə bilirdik. Həmin dövrdə Füzulinin Lələtəpə yüksəkliyi düşmənin əlində idi. Biz elə mövqedəydik ki, oranı Lələtəpə yüksəkliyindən də görmək mümkün deyildi. Amma məntəqə hazır olduqdan sonra İran tərəfdən 2-3 nəfər bizə yaxınlaşdı və ərazinin onlara aid olduğunu dedilər. Biz bununla razılaşmadıq, çünki Araz çayının digər tərəfi Azərbaycanın ərazisi idi. Uzun danışıqlardan sonra çıxıb getdilər, çünki bizim qüvvəmiz çox idi. Amma bir neçə saatdan sonra məntəqəmiz vuruldu. Onlar həmin ərazi haqda məlumatları ermənilərə çatdırmışdılar. Düşmən tərəfdən çox güclü atəş açıldı. Bir polis işçimiz şəhid oldu, Daxili Qoşunların 2 əsgəri yaralandı. Bu, faktdır”.

Ekspert bir məqamı da deyib: “İran tərəfdən çox deyirlər ki, birinci Qarabağ savaşında Azərbaycana İran generalları gəlib və kömək ediblər. Lakin, İrandan bizə heç bir kömək olmayıb. Onlar hər zaman bizim olduğumuz yerləri ermənilərə göstəriblər, onlara həddindən artıq çox yardımlar ediblər. Həmin zaman biz ermənilərin mövqelərini ələ keçirəndə İran istehsalı olan quru yeməklər və s. ərzaqlar çox görmüşük”.

Abuzər Əbilov İranın bizi İsraillə dostluq əlaqələr qurmaqda gühanlandırmasına münasibət bildirərək deyib ki, İsraillə Azərbaycanın dostluğu İranın Ermənistanla dostluğundan çox sonra başlayıb: “İran çox yaxşı bilirdi ki, işğal olunmuş ərazilərimiz dağıdılır, məscidlərimiz təhqir olunur. Bu isə müsəlman ölkəsi kimi qəbulolunmaz bir amildir. Ərazilərimizin talanaraq İrana daşınması kimi hallar da hamıya məlumdur. Yaxın tariximizdə İran xüsusi xidmət orqanlarının ərazilərimiz azad ediləndən sonra Xankəndinə tikinti mütəxəssisi kimi gəlməsi kimi faktlar da var. İran maşınlarının Xankəndinə ermənilərin texnikaları üçün yanacaq daşıması da olub. 44 günlük müharibədə Azərbaycan ordususun hücumlarının birinin qarşısı İran ordusu tərəfindən alınmışdı. Bunun da nəticəsində ordumuz başqa tərəfdən getməyə məcbur oldu, hücum ləngidi və şəhidlərimiz daha çox oldu”.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatdan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb. Münaqişə başlayandan sonra İranla sərhəd-keçid məntəqəsindən İrandakı xarici ölkə vətəndaşlarının təxliyəsinə, həm də İran vətəndaşlarının öz ölkələrinə geri qayıtması üçün şərait yaradılıb. Azərbaycan İrana humanitar yardım göstərməyi də planlaşdırırmış. Lakin bütün bunlara baxmayaraq, İran nədənsə Azərbaycana qarşı öz məkrli hərəkətlərindən əl çəkmir.

P.S. Martın 8-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pezeşkian dövlətimizin başçısının İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib. O, Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb. Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
100
herbiand.az

1Источники