RU

Bakı Avrasiya Universiteti: Gənclər üçün imkanlar və real tələbə həyatı

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illər sosial şəbəkələrdə və müxtəlif platformalarda universitetlər haqqında müxtəlif fikirlər səsləndirilir. Bəzən bu fikirlər reallığa əsaslansa da, çox vaxt eşitdiklərimiz və gördüklərimiz həqiqəti tam əks etdirmir.

Xüsusilə Bakı Avrasiya Universiteti haqqında dolaşan bəzi stereotiplər də məhz bu yanlış təsəvvürlərin nəticəsidir.

Bu ali təhsil ocağında artıq üç ildir təhsil alan bir tələbə kimi deyə bilərəm ki, kənardan formalaşan fikirlərlə universitet daxilində yaşanan tələbə həyatı arasında ciddi fərq var. Çöldən baxanda bəzən sadə görünən bu universitet daxilində çoxsaylı imkanlar və inkişaf mühiti təqdim edir.

Bakı Avrasiya Universitetinin əsas üstünlüklərindən biri beynəlxalq əməkdaşlıq imkanlarıdır. Universitetdə tətbiq olunan ikili diplom proqramları tələbələrə eyni zamanda iki fərqli ölkənin diplomunu əldə etmək imkanı yaradır. Bununla yanaşı, Erasmus və digər beynəlxalq mübadilə proqramları vasitəsilə tələbələr Avropanın müxtəlif universitetlərində təhsil almaq və fərqli akademik mühitləri tanımaq şansı qazanırlar. Bu isə gənclərin dünyagörüşünün genişlənməsinə və gələcək karyera imkanlarının artmasına xidmət edir.

Universitet həyatının ən mühüm tərəflərindən biri isə müəllim-tələbə münasibətləridir. Bakı Avrasiya Universitetində dərs deyən müəllimlər öz sahələrində peşəkar olmaqla yanaşı, tələbələrlə açıq və səmimi ünsiyyət qurmağa çalışırlar. Dərslər müxtəlif metodlarla – təqdimatlar, müzakirələr, qrup tapşırıqları və interaktiv sual-cavab formatında keçirilir. Bu yanaşma tələbələrin sadəcə məlumat əldə etməsinə deyil, eyni zamanda düşünmə və müzakirə etmə bacarıqlarının inkişafına da kömək edir.

Universitet mühitinin diqqət çəkən tərəflərindən biri də rəhbərlik və tələbələr arasında formalaşan münasibətlərdir. Universitet rəhbərliyi tələbələrin problemləri və təklifləri ilə maraqlanmağa çalışır, tələbələrlə açıq və səmimi ünsiyyət qurur. Bu yanaşma universitetdə daha mehriban və sağlam akademik mühitin formalaşmasına kömək edir.

Bununla yanaşı, universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı tələbələrin təşəbbüslərinin reallaşması və ictimai aktivliyinin artması baxımından mühüm rol oynayır. Mən də artıq üç ildir ki, bu təşkilatın fəaliyyətində iştirak edirəm və bu müddət ərzində müxtəlif layihələrin hazırlanması, tədbirlərin təşkili və tələbələrin universitet həyatında daha fəal rol alması istiqamətində görülən işlərin bir hissəsi olmuşam. Bu fəaliyyətlər mənə göstərdi ki, universitet yalnız dərs auditoriyaları ilə məhdudlaşmır. Burada gənclər öz ideyalarını həyata keçirmək, liderlik və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək üçün real imkanlar əldə edirlər.

Təbii ki, hər bir təhsil müəssisəsində olduğu kimi burada da müəyyən, xırda çatışmazlıqlar mövcuddur. Lakin bu kimi problemlər universitetdə verilən təhsilin əsas mahiyyətinə təsir göstərmir. Çünki təhsilin keyfiyyəti yalnız maddi şəraitlə deyil, müəllimin biliyi və tələbənin öyrənmək istəyi ilə formalaşır.

Bəzən “özəl universitetlərdə təhsilin səviyyəsi necədir?” sualı ilə də qarşılaşmaq olur. Lakin bu yanaşma artıq köhnəlmiş stereotiplərə əsaslanır. Bakı Avrasiya Universitetində tədris prosesində nizam-intizam və akademik etikaya ciddi diqqət yetirilir. Burada əsas məsələ tələbənin nə qədər öyrənmək istəməsi və bu imkanlardan necə istifadə etməsidir.

Sosial şəbəkələrdə yayılan bəzi videolar və şişirdilmiş fikirlər isə universitetin real mühitini tam əks etdirmir. Universitet həyatını yalnız kənardan izləməklə deyil, həmin mühitin içində olmaqla dəyərləndirmək daha doğru yanaşmadır.

Unutmaq olmaz ki, universitet ilk növbədə bilik və inkişaf məkanıdır. Burada hər auditoriya yeni bir ideyanın formalaşdığı yerə çevrilə bilər. Hər tələbənin öz arzuları, hər müəllimin isə bu arzuların gerçəkləşməsi üçün çəkdiyi zəhmət var.

Bu baxımdan Bakı Avrasiya Universiteti gənclərə sadəcə diplom deyil, həm də inkişaf və təcrübə qazandıran bir mühit təqdim edir. Universitet haqqında fikir formalaşdırarkən eşidilən sözlərə deyil, real təcrübəyə əsaslanmaq isə ən doğru yanaşmadır.

Çünki bəzən bir universitetin divarları arasında yüzlərlə fərqli hekayə başlayır. Bakı Avrasiya Universiteti də məhz belə hekayələrin formalaşdığı məkanlardan biridir.

Azər İsmayılzadə

Bakı Avrasiya Universitetinin III kurs tələbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
1
moderator.az

2Источники