İngiltərənin “Nyukasl” klubu gələn mövsüm üçün heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır. Klub rəhbərliyi yayda komandaya yeni qapıçı gətirmək niyyətindədir.
İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, “sağsağanlar” dərhal əsas heyətdə yer alacaq və komandanın oyununu gücləndirə biləcək təcrübəli qolkiper axtarırlar. Məlumata görə, klub rəhbərliyi artıq Nik Poupun performansına etimad göstərmir. Hazırda “Sauthempton”dan icarəyə götürülən Aaron Ramsdeylin transfer hüquqları isə alınmayacaq və o, yayda komandasına geri dönəcək.
Qeyd edək ki, Nik Poup 2022-ci ildən “Nyukasl”ın şərəfini qoruyur. “İpsviç Taun” yetirməsi olan və karyerası ərzində “Çarlton Atletik”, “Bernli” kimi klublarda çıxış edən 33 yaşlı qapıçı, indiyədək “sağsağanlar”ın heyətində 126 matçda meydana çıxıb. O, bu oyunların 46-da qapısını toxunulmaz saxlayıb.