RU

Uğura gedən yol uğursuzluqdan başlayır : Üçqat dünya çempionundan gənclərə tövsiyələr

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzeti tərəfindən reallaşdırılan "Məktəbdə..." layihəsinin növbəti tədbiri paytaxtdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində təşkil olunan görüşdə layihənin qonağı sərbəst güləş üzrə üçqat dünya, dördqat Avropa çempionu, Atletlər Komissiyasının üzvü, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev olub.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"7-8 yaşımdan güləşə başlamışam"

H.Əliyev indiyə qədər ali məktəblərdə, idman klublarında gənclərlə çox görüşsə də, orta məktəbdə şagirdlərlə ilk dəfə görüşdüyünü etiraf edib: "Uğura gedən yol məktəbdən başlayır. Mən 7-8 yaşımdan güləşə başlamışam. Özüm də güləşçi ailəsində doğulmuşam. İlk məşqlərə başlayanda güləşin nə qədər çətin və ağır idman növü olduğunu hiss etdim, amma səbirli oldum. 25 il idman fəaliyyətimi davam etdirdim. Paris Olimpiadasından sonra karyeramı bitirdim", - deyə öz idman yolundan danışıb.

"Mən Azərbaycanda yeganə güləşçiyəm ki, üçqat dünya çempionu olmuşam. Olimpiadalarda gümüş və bürünc medallar qazanmışam. Bu nəticələri əldə etmək üçün gərgin çalışmışam. Hər bir nailiyyətin arxasında uzun illərin zəhməti dayanır və idmançı üçün ən böyük qürur həmin zəhmətin nəticəsi olaraq Azərbaycan bayrağını zirvələrə qaldırmaqdır".

"İdman insanı bütün zərərli işlərdən uzaqlaşdırır"

H.Əliyev uşaqlara idmanla ciddi məşğul olmağı tövsiyə edib: "İndi bəzi uşaqlar pis vərdişlərə meyil edirlər. İdman insanı bütün zərərli işlərdən uzaqlaşdırır. Hazırda ölkəmizdə idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. İstərdim ki, böyüyən nəsil idmanla məşğul olub millətimiz üçün xeyirli işlər görsün. Qalib gələndə başqa millətlərin himnimizi ayaq üstə dinləmələrindən gözəl hiss yoxdur. Bu, şərəfdir. Ola bilər ki, siz peşəkar idmançı olmayasınız, amma idman sağlamlıqdır. Azərbaycanın gələcəyi sizin əlinizdədir. Ona görə sağlam böyüməlisiniz. Əgər aranızda güləşlə və ya başqa idman növü ilə məşğul olmaq istəyənlər olsa, sizə dəstək göstərməyə hazıram". H.Əliyev deyib ki, idmanla məşğul olmağa başlamaq üçün ən məsləhətli yaş dövrü 6-7 yaşdır: "Bu yaşda artıq bədən idmana öyrəşir. İnsan həyatı dərk edincə görür ki, idman həyatında mütləq olmalıdır".

"Tez-tez məktəb dəyişməyim oxumağıma təsir edirdi"

Dünya çempionu məktəb illərini də xatırlayıb: "Məktəbdə oxuduğum illərdə idmanı bütün fənlərdən üstün tuturdum. Orta məktəbin bəzi siniflərini Bakıda, bəzilərini Naxçıvanda bitirmişəm. Tez-tez məktəb dəyişməyim oxumağıma təsir edirdi. Amma idmana olan sevgim dəyişmədi. Atam güləşçi olduğundan bu istək mənə də hopdu. Başqa idman növü ilə məşğul olmağa vaxt yox idi. Bir də gördüm ki, medallar qazanıram. Mən həm də Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Məktəb illərindəki müəllimlərimlə və dostlarımla indi də əlaqə saxlayır, görüşürəm. Ən gözəl dostluq məktəb illərində qazanılır".

"Çempion olmaq o demək deyil ki, istədiyini edəsən"

H.Əliyev çempion olmaq hissinin fərəhindən də söhbət açdı: "Bunun qədər gözəl hiss yoxdur. Səni ölkənin Prezidenti və insanları tanıyır. Ancaq çempion olmaq o demək deyil ki, istədiyini edəsən. Çempion olanda gərək öz davranışlarına daha çox fikir verəsən, nümunə olasan. Bu, sənin üzərinə daha böyük məsuliyyət qoyur. Bütün idmançılar üçün yarışda bayraq daşımaq şərəfdir. Bu qalibiyyət təhsil sahəsində də ola bilər. Həyatda asan heç nə yoxdur. Əgər çempion olmaq, qalib gəlmək istəyirsənsə, bunun üçün çalışqanlığın daha güclü olmalıdır, özünə inanmalısan. Kim olursan ol, o işi mükəmməl görmək lazımdır. Öz üzərində daim işləməlisən. Hansı sənəti seçirsənsə, ən yaxşısı olmaq uğrunda çalışmalısan".

"Mükafatlar qazanana qədər dəfələrlə məğlub olmuşam"

Dünya çempionu deyib ki, uğura gedən yol uğursuzluqdan başlayır: "Hər bir insanın həyatında uğursuzluqlar da olur. Amma bu, son deyil. Bu, insanı heç vaxt ruhdan salmamalıdır. Uğurlu yol çətinliklərdən keçir. Mən mükafatlar qazanana qədər dəfələrlə məğlub olmuşam. Amma bu, məni heç vaxt həvəsdən salmayıb. Əksinə, daha mübariz olmuşam. Bizim torpaqlarımız 30 il erməni işğalı altında oldu. Amma biz torpaqlarımızı azad edə bildik. Buna birliyimiz, şücaət və rəşadətimiz sayəsində nail olduq. Qələbə üçün sona qədər mübarizə aparmaq lazımdır".

Dünya çempionu idmanın çətin yolunda hər adamın tab gətirmədiyini deyib: "Mənimlə başlayan o qədər uşaq oldu ki, onlar sona qədər getmədilər. Məğlub olanda həvəsdən düşdülər. "Çətindir, şərait yoxdur" deyib idmanı tərk etdilər. Mən isə dözdüm..." İdmançı bildirib ki, nə qədər çox çempionluq titulu qazansa da, onun üçün həyatda əsl çempion valideynləridir: "Onlar həmişə bizə dəstək olurlar. Bütün yaşlarımızda bizim yanımızdadırlar. Valideynlərimiz bizim üçün ən böyük çempionlardr. Siz də valideynlərinizin qədrini bilin".

"Sosial şəbəkələr insanın vaxtını alır"

İdmançı məktəblilərə sosial platformalardan istifadə etməməyi məsləhət görüb: "Sosial şəbəkələr insanın vaxtını alır. O vaxtı daha mühüm işlərə - idmana, dərslərinizi daha yaxşı oxumağa sərf edə bilərsiniz. Mən böyük oğlan idim, amma mobil telefonum yox idi. 11-ci sinfə yaxın mobil telefonum oldu, onunla da yalnız şəkil çəkmək olurdu. Əgər telefonla məşğul olsaydım, idmandakı uğurlarımı qazana bilməzdim. Sonralar da mən yarışlara qatılanda həmişə telefonu kənara qoyurdum. Bu gün siz dərslərinizi yaxşı oxumalısınız ki, uğurlu insan olasınız. Sabah sizə "dərsini yaxşı oxu" deyən olmayacaq. Çünki insan həmişə yeniyetmə və ya gənc, eyni zamanda enerjili olmur. Çalışın, sizə lazım olan və fayda gətirən şeylərdən istifadə edin".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
100
30
oxu.az

10Источники