RU

“Sumqayıt”da xaotik vəziyyət İliç niyə yalan danışır?

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sumqayıt”ın enişi davam edir. “Kimyaçılar” Misli Premyer Liqasının XXIII turunda səfərdə autsayder “Karan-Yevlax”la heç-heçə edib. Qələbəsizlik seriyası davam edən “Gənclik şəhəri” təmsilçisi son dəqiqədə buraxdığı qolla bir xalla kifayətlənib.

Matçdan sonra komandanın baş məşqçisi Saşa İliç klubun strategiyanı dəyişdiyini, rəhbərlikdən akademiya yetirmələrinə şans vermək tapşırığı aldığını bildirdi, bir növ xal itkisinə bəhanə gətirdi.

Strategiya dəyişməsi ola bilər, lakin mövsümün bitməsiə 10 tur qalmış iddiadan əl çəkmək, təslim olmaq klubun aktivinə neqativ xallar yazdırdı.

Birincisi, İliç akademiya gənclərinə şans verdik deməklə yalan danışmış olur. “Karvan-Yevlax”la matçda start heyətdə 6 legioner var idi. Dgər yerli oyunçular – Rüstəm Əhmədzadə, Səbuhi Abdullazadə, Nadir Orucov, Xəyal Fərzullayev və Nihad Əhmədzadə komandanın əsas oyunçularındandır. Bu futbolçular bu mövsüm, ötən mövsüm mütəmadi oyunlara çıxan, bəzən startda, bəzən ehtiyatda olanlardır. Oyuna sonradan daxil olan Sənan Muradlı da ötən mövsümdən əsas komandada oyunlara çıxır.

Xal itkisinə arqument gətirilən akademiya yetirmələri olan gənclər bəs kimdir, İliç?

Müqaviləsi mövsümün sonuna qədər olan serb böyük ehtimalla “Sumqayıt”da qalmayacaq. Mətbuat konfransında “qış fasiləsində rəhbərlikdən tələblərim oldu, alınmadı” deyən İliç gedişinə işarə verdi. Görünür, serbiyalı ilə klub rəhbərliyi arasında fikir ayrılığı var və bu, qış fasiləsindən sonrakı nəticələrdə sözünü deyir.

İliçin həmyerliləri Aleksa Yankoviç, Nikolo Ninkoviçin də performansında ciddi eniş var. Birinci dövrədə komandanın əsas silahı olan Aleksa son oyunlarda effektiv deyil. O da sanki mövsümün bitməsini gözləyir. Ninkoviç ardıcıl iki matçda qırmızı vərəqə alaraq, komandanı çətin duruma salır. O da gözləntiləri qarşılamır.

“Sumqayıt”da sanki xaos yaranıb. Futbolçular oynamaq istəmir, meydandakı rahat davranışları ilə sanki onlar da mövsümün tez bitməsini istəyir. Gedişat yaxşı görünmür. İndiki məqamda da nəyinsə dəyişəcəyinə ümid etmək olmur.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
98
futbolpress.az

1Источники