RU

Pezeşkianın üzrü: İran Xameneinin hərbi planından imtina edir?

İranın müharibədə qonşu ölkələrə hücum strategiyası üç taktikaya hesablanıb:

1. ABŞ-a cavab olaraq qonşu ölkələrdə – Yaxın Şərqdə yerləşən bazalarına zərbə endirmək;
2. Müharibəni regiona yaymaqla ABŞ və İsrailə qarşı anti-müharibə cəbhəsi yaratmaq;
3. Region ölkələrini də müharibə alovunun içinə daxil etməklə bundan ABŞ-a qarşı “strateji çəkindirmə” məqsədilə istifadə etmək;

Burada İran rejiminin “biz sağ qalmayacağıqsa, hər kəs müharibədən öz payını almalıdır” məntiqi də rol oynayır.

Bu strategiya Xamenei tərəfindən ölümündən öncə hazırlanıb. İran mediasında yayılan məlumatlardan, ekspertlərin açıqlamalarından belə nəticə çıxır ki, Xamenei genişmiqyaslı hücum başlayacağı, yaxud özünün öldürüləcəyi təqdirdə, strategiyanın işə salınmasını vəsiyyət edib.

İran prezidenti Məsud Pezeşkianın son açıqlaması – hücumlara görə qonşu ölkələrdən üzr istəməsi və “Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib” sözləri Xamenenin hazırladığı strategiyadan imtina etdikləri fikrini yaradır. İranın qonşu ölkələrə hücumdan indi imtina etməsinin bir səbəbi ola bilər: rejimin müharibə aparmaq imkanları tükənir (raket ehtiyatlarının azalması ilə bağlı geniş məlumatlar mövcuddur);

Lakin Pezeşkianın açıqlaması rejim daxilində və tərəfdarları arasında birmənalı qarşılanmayıb. Qumdan olan deputat Məhəmməd Manan Rəisi bu açıqlamanı İran üçün alçaldıcı adlandırıb və qeyd edib ki, Ekspertlər Məclisi yeni dini lideri mümkün qədər tez seçməlidir. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi isə “bölgədə bütün ABŞ və İsrail bazaları qanuni hədəfdir” açıqlamasını verib.

İran mediasında da Pezeşkian tənqid olunub. Ekspertlər bildirir ki, “şəhid imam”ın (Xamenei) dediyi “regional müharibə” şərhə açıq deyil”.

Mühafizəkarlara yaxınlığı ilə seçilən ekspert Meysəm Nili “yeni liderin müəyyənləşdirilməsi ərəfəsində niyə “şəhid imam”ın hərbi strategiyasından geri çəkilməliyik? Allaha and olsun ki, istənilən atəşkəs xəyanətdir” deyib.

Bu açıqlamalar İranın qonşu ölkələrə mülki obyektlər də daxil olmaqla total hücumunun Xamenei tərəfindən hazırlanan “hərbi strategiya” olduğunu təsdiq edir.

Əsas diqqətçəkən məqamlardan biri də Pezeşkianın “üzrxahlıq etməsi” və “qonşu ölkələrə hücumdan imtina” açıqlaması ərəfəsində İran Dubay və Əbu-Dabiyə hücum etməsidir. Bunun fonunda İran ordusu və SEPAH-ın verdiyi açıqlamalar Pezeşkianın dediklərindən fərqlənir.

İranın hərbi-siyasi rəhbərliyinin mövqeyi və mediada yayılan məlumatlardan/açıqlamalardan iki nəticə çıxır:

Birincisi, hərbi və siyasi rəhbərlik arasında müharibə ilə bağlı ciddi fikir ayrılığı yaranıb: bu, ziddiyyətlər əvvəldən mövcud idi, indi daha da dərinləşdiyi istisna edilməməlidir;
İkincisi, hərbi imkanları məhdudlaşan rejim qonşu ölkələrdən üzr istəməklə İrana qarşı cəbhənin genişlənməsinin qarşısını alır, digər tərəfdən, ABŞ-a qarşı “strateji çəkindirmə” imkanlarını ən azı ritorikada saxlamağa çalışır;

Asif Nərimanlı

Избранный
47
2
konkret.az

3Источники