RU

Təhlükəli arıqlama iynələri: Çarə, yoxsa bəla?

Son vaxtlar arıqlama dərmanları və iynələrindən istifadə edənlərin sayı xeyli artıb.

Artıq çəkidən əziyyət çəkən bəzi insanlar pəhriz və idmanla arıqlamaqdansa, daha qısa müddətdə nəticə əldə etmək üçün bu vasitələrə üz tuturlar.

Sosial şəbəkələrdə və şou-biznes nümayəndələrinin açıqlamalarında da bu mövzu tez-tez gündəmə gəlir.

Müğənni Xatun Əliyeva da xeyli çəki atdığını və bunu dərman və iynə vasitəsilə etdiyini açıqlayıb.

Lakin bu cür dərman və iynələrin müəyyən fəsadlara səbəb olduğu halları da müşahidə olunur.

Məsələn, müğənni Şəbnəm Tovuzlu bir müddət əvvəl arıqlamaq üçün istifadə etdiyi həbin səhhətində ciddi problem yaratdığını açıqlayıb.

O bildirib ki, həmin dərmanı qəbul etdikdən sonra təzyiqi 50-yə qədər düşüb və səhhətində ciddi narahatlıq yaranıb.

Bu kimi hadisələr arıqlama məqsədilə istifadə olunan dərman və iynələrin sağlamlığa təsiri ilə bağlı narahatlıqları artırır.

Bəs bu vasitələrdən istifadə nə dərəcədə təhlükəsizdir və onların mümkün fəsadları nələrdir? Sağlam şəkildə arıqlamaq üçün hansı üsullara üstünlük verilməlidir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında dietoloq Lamiyə Əzimova bildirib ki, son vaxtlar arıqlama dərmanları və iynələri barədə çox danışılır:

"İnsanlar bu vasitələri sürətli nəticə üçün istifadə etməyə meyillidirlər. Lakin bu vasitələri tamamilə pis və təhlükəli kimi təqdim etmək düzgün deyil. Çünki bəzi hallarda, xüsusilə piylənmə problemi ciddi olan insanlarda, düzgün seçilmiş və həkim nəzarəti altında istifadə olunan dərmanlar arıqlama prosesinə kömək edə bilər.

Dünyada da artıq çəkini azaltmaq üçün müəyyən dərmanlardan istifadə olunur və onlar yalnız peşəkar nəzarət ilə tövsiyə edilir. Amma burada ən vacib məqam odur ki, insanlar bu preparatları özbaşına qəbul etməməlidir.

Hər kəsin orqanizmi fərqlidir və bir insan üçün təhlükəsiz olan dozada digər insanda təzyiqin düşməsi, ürəkbulanma, zəiflik və ya digər narahatlıqlar yarana bilər. Bu səbəbdən, dərman və ya iynə istifadəsi yalnız müayinədən sonra, həkim və ya dietoloq məsləhəti ilə aparılmalıdır".

Onun sözlərinə görə, arıqlama dərmanlarından istifadə birdəfəlik çıxış yolu deyil:

"İnsan qidalanmasına diqqət etmirsə, hərəkətsiz həyat tərzi keçirirsə, bu vasitələrin təsiri çox məhdud olur. Onlar müəyyən qədər yardımçı ola bilər. Məsələn, iştahanı azaldır, maddələr mübadiləsini tənzimləməyə dəstək olur, amma əsas nəticəni sağlam həyat tərzi və düzgün qidalanma gətirir.

Həmişə xəstələrimə deyirəm ki, sağlam şəkildə arıqlamaq tədricən baş verməlidir. Gündəlik qidalanmada tərəvəz və meyvələrə üstünlük vermək, şəkərli və yağlı qidaları azaltmaq, kifayət qədər su içmək çox vacibdir.

Eyni zamanda, daim fiziki cəhətdən aktiv olmaq, məsələn, piyada gəzmək, idman və ya sadə hərəkətlər arıqlama prosesini həm sürətləndirir, həm də sağlamlığı qoruyur".

Dietoloq qeyd edib ki, insanlar öz sağlamlıqlarına biganə yanaşmamalıdır:

"Əgər artıq çəki ciddi problemdirsə və dərman və ya iynə istifadə etmək planlaşdırılırsa, bunu mütləq həkim və ya dietoloq məsləhəti ilə etmək lazımdır. Bu, həm mümkün risklərin qarşısını almağa, həm də sağlam şəkildə arıqlamağa kömək edir".

Избранный
12
2
turkustan.az

3Источники