RU

Avtomobillərin kilometrajının geri çəkilməsini necə bilmək olar? - QAYDALAR

Xaricdən "ili təzə" və "az sürülmüş" adı ilə gətirilən avtomobillərin real kilometrajı bəzi hallarda tamamilə fərqli olur. Ustaların sözlərinə görə, belə hallara daha çox Amerika və Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir.

Day.Az xəbər verir ki, yürüşü çox olduğuna görə alverçilər həmin nəqliyyat vasitələrini ucuz qiymətə alır və VIN kodu üzərindən avtomobilin tarixçəsinə müdaxilə edərək kilometrajını azaldırlar. Bunun xərci isə həmin ölkələrdə cəmi 15-20 dollar civarında olur.

Ustalar bildirirlər ki, yürüşün çox olması avtomobilin satış qiymətini aşağı salır. Buna görə də, bəzi satıcılar avtomobili satışa çıxararkən yürüş göstəricisini süni şəkildə azaldırlar.

Mütəxəssislərin sözlərinə görə, avtomobilin real yürüşünü müəyyən etmək üçün elektron diaqnostika aparmaq mümkündür. Xüsusilə DPF sistemində və katalitik çeviricidə son regenerasiya vaxtı yoxlanılaraq müəyyən məlumat əldə etmək olur. Bundan əlavə, mühərrikin və alt işlək hissələrin vəziyyətinə baxaraq da təxmini kilometraj haqqında fikir yürütmək mümkündür.

Ustalar qeyd edirlər ki, bəzi avtomobillərin tarixçəsinə də müdaxilə edilir. Bu cür hallara xüsusilə Dubay bazarından gətirilən nəqliyyat vasitələrində də rast gəlinir. Belə avtomobillər bəzən qəzalı olur və onların real tarixçəsini müəyyən etmək çətinləşir.

Mütəxəssislər məsləhət görürlər ki, avtomobil almadan əvvəl onun yürüşünə və VIN koduna müdaxilə olub-olmadığını elektron diaqnostika vasitəsilə yoxlatmaq lazımdır. Ən əsası isə avtomobilin ili və yürüşü ilə müqayisədə qiymət çox ucuz təklif edilirsə, bu hal alıcıda şübhə yaratmalıdır.

Elcan Turan
Day.Az

Избранный
21
day.az

1Источники