“Uzun müddətdir heç bir efirə getmirəm. Zəng edirlər, xahiş edirlər, imtina edirəm. Adam efirlərə baxanda utanırdı. Kim kiminlə sevgi yaşayır, kim kiminlə oturub-durur, kim kimin evini yıxırsa hamısını efir vasitəsilə göstərirdilər. Belə televiziya olar? Bizi bütün dünya görür. Biyabırçılıqdır. İndi guya vəziyyət düzəlib, qorxuram sonradan yenə əvvəlki kimi olsun. Amma iki aparıcını dəyişməklə bu biyabırçılığa son qoymaq olmaz. Bu mümkünsüzdür. Mən bəzən fikirləşirdim ki, bu aparıcıları və müğənniləri küçədən yığıb gətiriblər?! Baxıb deyirdim ki, bunların başına hava gəlib? Nə danışırlar, nə sual verirlər? Bundan sonra ümumiyyətlə heç efirə çıxmaq istəmirəm. Artıq bizi küsdürüblər”.
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi-Leyli Axundova deyib.
O daha sonra jurnalistlərə səslənib:
“Dəfələrlə məndən müsahibə alıblar. Müsahibələrdə məndən sənətdən daha çox şəxsi həyatımdan, keçmiş həyat yoldaşım haqda soruşurlar. Hər şeyin öz çərçivəsi olmalıdır. Bizdə bu pilləni saxlamırlar. Sərhəd adlı şey yoxdur. Sən məni dəvət etmisənsə sənətimdən, fəaliyyətimdən suallar ver. Şəxsi həyat toxunulmazdır. Sizə kim icazə verir ki, şəxsi həyat haqda danışasız?”.
Leyli Axundova müasir dövrdə çəkilən serialların mövzusundan da danışıb:
“Mən kinoya çəkiləndə uşaq idim. Bu vaxta kimi bu kino hamının yadındadır. Ona görə ki, o vaxt kino var idi. Rejissoru da, senarisi də, aktyoru da yaxşı idi. Bu gün nə uşaq kinoları çəkirlər, nə də normal verilişlər var. O gün təsadüfən bir serial qarşıma çıxdı. Qız ərindən başqa kişilərlə də görüşür. Biz mövzu baxımından nəinki Türkiyə seriallarını, Ukrayna və Rusiyanı da ötüb keçmişik. Hələ bu müsəlman ölkəsidir. İnanmıram ki, bu sahə inkişaf etsin. Get-gedə lap pis olur. Tiktoka da girəndə adam ümmumiyyətlə dəhşətə gəlir. Artıq quyunun dibindəyik”, - deyə sənətçi bildirib.