RU

İsrail səfiri Xorvatiya prezidentinin ofisinə çağırılıb

BAKI, 7 mart. TELEQRAF

İsrailin Zaqrebdəki səfiri Harri Koren İranla diplomatik münasibətlərin kəsilməsi ilə bağlı çağırışına görə Xorvatiya prezidentinin ofisinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Xorvatiya prezidentinin kansleriyası məlumat yayıb.

Bildirilib ki, səfirin açıqlamaları əsaslandırılmamış hesab olunur və bu cür bəyanatlar ölkə vətəndaşlarında əsassız narahatlıq yaradır, həmçinin Xorvatiyanın siyasi və reputasiya maraqlarına zərər vura bilər.

“Xorvatiyanın təhlükəsiz və sülhpərvər ölkə statusunu qoruması milli maraqlara cavab verir. Bu, ölkə iqtisadiyyatı, xüsusilə turizm sektoru üçün böyük əhəmiyyət daşıyır. Buna görə də İsrail səfirindən Xorvatiyaya zərər verə biləcək bəyanatlardan çəkinməsini xahiş edirik”, – deyə prezident ofisinin bəyanatında bildirilib.

Xorvatiya prezidentinin xarici və Avropa siyasəti üzrə müşaviri Neven Peliçarıç də səfirə belə açıqlamaların qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Harri Koren Xorvatiya KİV-lərinə açıqlamasında Zaqrebin Tehranla diplomatik münasibətləri kəsməli olduğunu və İran səfirliyinin diplomatlarının İslam İnqilabı Keşikçiləri Korpusu ilə mümkün əlaqələrinin yoxlanılmasını təklif etmişdi.

Избранный
83
teleqraf.com

1Источники