525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şahanə MÜŞFİQ
Tarixin müxtəlif mərhələlərində bəşəriyyət müharibə adlanan bəla ilə üz-üzə qalıb. Bəzən bu təhlükə real silahlı toqquşmalara çevrilib, bəzən isə uzun illər insanların şüurunda dolaşan narahat bir ehtimal kimi qalıb. Müasir dünyada informasiya axınının sürətlənməsi, siyasi gərginliklərin artması və beynəlxalq münasibətlərdəki qeyri-müəyyənlik insanların bu təhlükəni daha kəskin hiss etməsinə səbəb olur, nə yazıq ki. Belə dövrlərdə müharibə yalnız dövlətlər və ordular arasında baş verən toqquşma kimi deyil, həm də milyonlarla insanın psixologiyasına, düşüncəsinə və mənəvi dünyasına təsir edən bir fenomen kimi özünü göstərir. Qorxunun hökm sürdüyü dövrdə insan olmaq sadəcə təhlükədən yayınmaq deyil, həm də mənəvi sınaqdan keçmək deməkdir.
Müharibə ehtimalı insanın ən ilkin və təbii hisslərindən biri olan təhlükəsizlik duyğusunu sarsıdır. İnsan öz həyatını planlaşdırarkən gələcəyə dair müəyyən sabitlik və ümid hissinə ehtiyac duyur. Lakin qlobal gərginliklərin artdığı zamanlarda bu sabitlik hissi zəifləyir. İnsanlar xəbərlərdə eşitdikləri siyasi qarşıdurmaları, hərbi hazırlıqları və diplomatik böhranları şəxsi həyatlarının fonunda düşünməyə, dəyərləndirməyə başlayırlar. Nəticədə uzaqda baş verən hadisələr belə insanların gündəlik psixoloji vəziyyətinə təsir edir. Bir çoxları gələcək haqqında narahat düşüncələrə qapılır, digərləri isə qeyri-müəyyənlik qarşısında özünü gücsüz hiss edir.
Bununla yanaşı, müharibə qorxusu insanın mənəvi dünyasını da sınağa çəkir. Tarix göstərir ki, böhran və təhlükə dövrlərində cəmiyyətlər iki fərqli istiqamətdə dəyişə bilər. Bəzi hallarda qorxu insanları bir-birindən uzaqlaşdırır, fərdlər daha çox öz təhlükəsizliklərini düşünməyə başlayır, cəmiyyət daxilində etimadsızlıq artır. Digər tərəfdən isə belə dövrlər insanların həmrəyliyini gücləndirə bilər. İnsanlar anlayırlar ki, ümumi təhlükə qarşısında birlik və qarşılıqlı dəstək daha böyük əhəmiyyət kəsb edir. Bu mənada müharibə ehtimalı insanın yalnız fiziki deyil, mənəvi keyfiyyətlərini də üzə çıxaran bir sınaqdır. Bir xalq olaraq buna bənzər təcrübəni elə yaxın keçmişimizdə - 44 günlük Vətən müharibəsində yaşadıq. O günlərdə bir yumruq kimi dövlətimizin, dövlət başçımızın və ordumuzun ətrafında sıx birləşməyimiz, bir-birimizə maddi-mənəvi dayaq olmağımız müharibənin nəticəsinə birbaşa təsir edən amillərdən hesab oluna bilər.
Qorxu dövründə insanın ən böyük dayaqlarından biri ümid hissidir. Ümid insan psixologiyasının qoruyucu mexanizmlərindən biri kimi çıxış edir. O, insanın gələcəyə inamını itirməsinə imkan vermir. Tarix boyu ən çətin müharibə və böhran dövrlərində belə insanlar ümidlərini qorumağa çalışmış, mədəniyyət, ədəbiyyat və incəsənət vasitəsilə bu hissi yaşatmışlar. Ümid yalnız nikbinlik deyil, həm də insanın mənəvi müqavimət formasıdır. Ümid sayəsində insan qorxunun onu tamamilə idarə etməsinə imkan vermir.
Digər tərəfdən, müasir dövrdə informasiya texnologiyalarının inkişafı müharibə qorxusunun psixoloji təsirini daha da gücləndirir. Keçmişdə insanlar uzaq regionlarda baş verən hadisələr haqqında məhdud məlumat əldə edirdilər. Bu gün isə hər bir hadisə saniyələr içində bütün dünyaya yayılır. Sosial şəbəkələr və xəbər portalları vasitəsilə insanlar daim gərginlik yaradan xəbərlərlə qarşılaşırlar. Bu isə kollektiv narahatlıq hissinin yaranmasına səbəb olur. İnsanlar bəzən real təhlükədən daha çox informasiya bolluğunun yaratdığı psixoloji təzyiq altında qalırlar.
Belə bir şəraitdə insanın əsas vəzifəsi qorxu ilə rasional düşüncə arasında tarazlıq yaratmaqdır. Qorxu təbii hissdir və insanın təhlükələrə qarşı diqqətli olmasına kömək edir. Lakin qorxunun həyatın bütün sahələrini idarə etməsi insanın psixoloji sağlamlığı üçün təhlükəli ola bilər. Buna görə də insanın informasiya axınını düzgün qiymətləndirməsi, emosional reaksiyalarını idarə etməsi və gündəlik həyatında sabitliyi qorumağa çalışması vacibdir. Bu həm fərdi psixoloji sağlamlıq, həm də cəmiyyətin ümumi sabitliyi üçün mühüm əhəmiyyət daşıyır.
Bu dövrdə insan olmaq eyni zamanda etik seçimlər də tələb edir. Müharibə ehtimalı insanların humanizm, ədalət və sülh kimi dəyərlər haqqında düşünməsinə səbəb olur. Belə vaxtlarda öz-özünə sual verirsən ki, bəşəriyyət qarşıdurma və dağıntı yolunu, yoxsa dialoq və anlaşma yolunu seçməlidir? Bu sual yalnız siyasətçilər üçün deyil, hər bir insan üçün mühüm əhəmiyyət kəsb edir. Çünki cəmiyyətin dəyərləri məhz fərdlərin düşüncə və davranışlarının cəmindən formalaşır.
Müharibə ehtimalı yalnız siyasi və hərbi məsələ deyil. O, həm də insanın psixologiyasını, mənəvi dəyərlərini və gələcəyə baxışını formalaşdıran mühüm amildir. Qorxu dövründə insan olmaq qorxuya təslim olmaq demək deyil, çətin şəraitdə belə insanlığın əsas dəyərlərini qorumağı bacarmaq deməkdir. Tarix göstərir ki, ən qaranlıq dövrlərdə belə insan ümidini və mənəvi gücünü itirmədikdə bəşəriyyət yeni və daha sabit bir gələcəyə doğru yol tapa bilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.