RU

CSIS: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının gündəlik xərci 891 milyon dolları keçir...

Vaşinqtondakı analitik mərkəz müharibənin iqtisadi tərəflərini açıqlayıb, Pentaqonun Konqresdən 50 milyard dollarlıq əlavə maliyyə istəyə biləcəyi bildirilir...

Poliqon xəbər verir ki, Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitik hesabatında ABŞ-nin İrana qarşı aparılan hərbi əməliyyatlarının iqtisadi aspektləri açıqlanıb.

Hesabata görə, hazırkı mərhələdə ABŞ-nin birbaşa gündəlik hərbi xərcləri təxminən 891,4 milyon dollar təşkil edir. Analitiklər bildirirlər ki, bu vəsait əsasən yüksək dəqiqlikli silahların tətbiqi, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və hərbi qüvvələrin saxlanmasına sərf olunur.

CSIS-in məlumatına görə, əməliyyatın ilk günlərində ABŞ qüvvələri təxminən 2600 ədəd yüksək dəqiqlikli silahdan istifadə edib. Buraya Tomahawk qanadlı raketləri, JASSM-ER tipli uzaqmənzilli raketlər və digər zərbə vasitələri daxildir. Bu silahların ümumi dəyəri təxminən 1,5 milyard dollar qiymətləndirilir.

Eyni zamanda, İranın cavab zərbələrinin qarşısını almaq üçün istifadə edilən Patriot və THAAD hava hücumundan müdafiə sistemlərinin raket-tutucularının dəyəri 1,7 milyard dollar həcmində hesablanır.

Hesabatda qeyd olunur ki, strateji aviasiyanın uçuşları və regionda yerləşdirilmiş hərbi qüvvələrin saxlanılması da ciddi maliyyə tələb edir. Belə ki, B-2 və F-15 döyüş təyyarələrinin uçuşları, eləcə də iki aviadaşıyıcı zərbə qrupunun saxlanılması gündə təxminən 60 milyon dollara başa gəlir.

CSIS analitikləri vurğulayırlar ki, bu xərclər ABŞ-nin 2026-cı il müdafiə büdcəsində əvvəlcədən nəzərdə tutulmayıb. Buna görə də yaxın günlərdə Pentaqonun Konqresə təxminən 50 milyard dollar həcmində fövqəladə maliyyələşdirmə sorğusu ilə müraciət edəcəyi gözlənilir.

Eyni zamanda hesabatda qeyd olunur ki, əməliyyatın növbəti mərhələlərində xərclərin azalması mümkündür. Analitiklərin fikrincə, ABŞ ordusu daha bahalı yüksək dəqiqlikli raketlər əvəzinə daha ucuz idarəolunan aviabombalardan, o cümlədən JDAM tipli sursatlardan istifadə edə bilər. Bu silahlar daha zəif qorunan hədəflərə qarşı effektiv hesab olunur.

CSIS-in istinad etdiyi kəşfiyyat məlumatlarına görə, İranın ballistik raket və kamikadze dronlarının buraxılış tezliyi əməliyyatın ilk günləri ilə müqayisədə 86 faiz azalıb.

Hesabatda qeyd olunur ki, hazırda ABŞ-nin əsas xərclərindən biri İran raketlərinin zərərsizləşdirilməsinə sərf olunur. Belə ki, Patriot sisteminin bir raket-tutucusunun qiyməti təxminən 4 milyon dollar olduğu halda, İranın “Şahed” kamikadze dronunun qiyməti təxminən 20 min dollar təşkil edir. Analitiklər hesab edirlər ki, İranın hücum vasitələri tükəndikcə ABŞ-nin müdafiə xərcləri də mərhələli şəkildə azalacaq.

Poliqon.info

Избранный
80
19
poliqon.info

10Источники