RU

Politoloq: İranın törətdiyi əməl terrordur, bunun izahını verməlidir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə qarşı terror kimi qiymətləndirilməlidir. Bu təxribatdır, başqa cür onu adlandırmaq da çətindir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, hücum İran ərazisindən baş verib, bütün hallarda İran dövləti məsuliyyət daşıyır:

"Söhbət hansısa adi, sıradan bir insidentdən getmir, çox dəhşətli hadisədən - dron hücumundan gedir. İndi İran tərəfi müxtəlif bəhanələr səsləndirir ki, guya bu PUA hücumlarını onlar etməyiblər. Yaxşı, bəs onda bunu kim edib? Niyə bu dronlar İran ərazisindən gəlib? Niyə hücumda İrana məxsus dronlardan istifadə olunub? Əlbəttə ki, birmənalı şəkildə İran dövləti məsuliyyət daşıyır. Azərbaycan Prezidenti də çıxışında İran qarşısında müəyyən şərtlər qoyub. İran tərəfi izah etməlidir ki, bu hadisə niyə baş verib, səbəbi nədir".

Ekspert bildirib ki, əgər Tehran izah verməsə və ya konkret dəlillər, sübutlar ortaya qoymasa, onda dəqiqliklə bu hücumların təşkilatçısı İrandır:

"Onsuz da mövcud faktlar və sübutlar bunu ortaya qoyur. İran tərəfi yenə də iddia edir ki, bu məsələdə hansısa başqa ölkələrin əli var. Əgər belədirsə, niyə hücum baş verəndən dərhal sonra İran tərəfi Azərbaycanla əlaqə saxlamadı, üzrxahlıq etmədi və ya bununla bağlı hər hansı açıqlama vermədi? Bu barədə yalnız bir neçə saat sonra - özü də Azərbaycanın kəskin reaksiyasından sonra danışmağa başladılar.

Bütün hallarda tələblər İranın qarşısına qoyulub və düşünürəm ki, İran tərəfi bu tələblərə cavab verməlidir. Yaranmış vəziyyətdə artıq görürük ki, müəyyən tədbirlər görülür. Çox güman ki, bu cür insident bir daha təkrarlanmayacaq. Amma belə bir hal yenidən baş versə və davamlı xarakter alsa, o zaman artıq başqa tədbirlərin görülməsi qaçılmaz olacaq".

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
132
oxu.az

1Источники