RU

QHT rəhbərləri: İranın hücumu xalqlar arasında münasibətlərə zərbədir

"Daim qonşuluq prinsiplərinə sadiq olan, öz ərazisindən heç vaxt qonşu dövlətlərə qarşı ola biləcək müdaxilələrə şərait yaratmayan, öz imkanlarının limitli olduğu vaxtlarda belə qonşu dövlətlərin köməyinə çatan bir ölkə olaraq Azərbaycan bu terror aktına, riyakarlığa layiq deyil".

 

QHT.az xəbər verir ki, bu sözləri “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova bildirib. Onun sözlərinə görə, Naxçıvan MR-nin Azərbaycanın əsas hissəsiylə yeganə əlaqəsi olan hava nəqliyyatını iflic etməyə çalışmaq təsadüfən ya səhvən ola bilməz. Tanrı ölkəmizi qorusun!

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov isə bildirib ki, İran molla rejimi Naxçıvan ərazisini dron atəşinə tutmaqla Azərbaycana qarşı növbəti dəfə arxadan zərbə vurmuş oldu. Azərbaycan hər zaman sülh və qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə sadiq qalaraq İrana dostluq münasibətləri nümayiş etdirmiş, onun suveren hüquqlarına hörmətlə yanaşmışdır. Hətta indiki həssas zamanda belə ölkə Prezidenti ali dini rəhbərin ölümü ilə başsağlığı verməklə və səfirliyi ziyarət etməklə ölkəmizin tutduğu mövqeyə sadiqliyini bir daha nümayiş etdirmişdir:

"Biz bunun əksi olaraq Qarabağ müharibəsində olduğu kimi İranın bir daha xain və nankor hərəkətinin şahidi olduq. Silahını ona təhlükə törədən güclərə qarşı çevirmək əvəzinə Azərbaycanın mülki obyektlərini və dinc sakinlərini hədəf alması heç cür anlaşılan deyil. Cinayətkar aktın əsaslı izahı verilmədikcə, bunun adı acizlik və qorxaqlıqdan başqa bir şey olmayacaqdır. Azərbaycan Qarabağ müharibəsində nəyə qadir olduğunu, düşmənlərə sarsıdıcı zərbələri ilə güclü orduya malik olmasını hər kəsə sübut etmişdir. Həmin ordu daha güclü şəkildə yerindədir və lazım olduğu təqdirdə bir daha və daha peşəkar şəkildə ölkəmizə diş qıcayanların layiqli şəkildə cavabını vermək iqtidarındadır. Zamanın ağır sınaqlarına hər zaman mərdliklə sinə gərən ölkəmizi bu cür təhdidlərlə qorxutmaq və ona təsir etmək mümkün deyildir. İnanmaq istərdik ki, İranın düşünən insanları baş verənlərin yanlış olmasının fərqində olacaq, xalqlarımız arasında dostluq münasibətlərini ciddi şəkildə zədələyən və suverenliyimizi təhdid edən bu cür pozucu və təhlükəli davranışların təkrarlanmasına bir daha imkan verməyəcəklər".

Məsələyə münasibət bildirən Azəri Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov isə qeyd edib ki, mən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi adından İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının suveren ərazisinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyirəm:

"Bu cür addımlar tamamilə qəbuledilməzdir. Prezidentimizin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarları dəstəklədiyimizi bildiririk".

 

Pərvanə Fərhadqızı

 

Избранный
34
qht.az

1Источники