RU

MTK-larda özbaşınalıq: “Hüquqi müstəvidə mübarizə aparmaq...”

Azərbaycanda bir çox yeni tikili binalarda mənzillərin hələ də çıxarışı (kupçası) olmadığı üçün alqı-satqı prosesində vətəndaşlar müxtəlif problemlərlə üzləşirlər.

Belə hallarda mənzil rəsmi dövlət reyestri üzərindən deyil, tikinti şirkətinin və ya mənzil tikinti kooperativinin (MTK) daxili sənədləri əsasında satılır.

Nəticədə bəzi MTK-lar mənzilin bir şəxsin adından çıxarılıb digər şəxsin adına keçirilməsi üçün əlavə ödəniş tələb edir. Məsələn, 44 kvadratmetrlik bir otaqlı mənzilin satışı zamanı bina rəhbərliyi tərəfindən satıcının adından çıxarılıb alıcının adına keçirilməsi üçün 3000 manat ödəniş istənildiyi bildirilir.

Bəs MTK-ların belə bir ödəniş tələb etməsi qanunidir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu qanunvericiliyin tələblərinə uyğun sayılmır:

“Bu kimi hallarda MTK-nın ödəniş tələb etməsi qanunsuzdur. Məsələn, mən MTK-dan mənzil almışamsa, çıxarışın olmaması artıq MTK-nın öz məsuliyyətidir. Hətta qanunvericilik imkan verir ki, bina tam tikilib bitməsə və təhvil verilməsə belə, qabaqcadan qeydiyyat həyata keçirilsin və vətəndaşa çıxarış verilsin.

Lakin bəzi MTK-lar bunu etmirlər və bu da özlüyündə qanunsuzluq sayılır. Çünki bina tikən qurum kimi sənədləşmə və hüquqi rəsmiləşdirmə məsələlərini vaxtında həll etmək məhz onların vəzifəsidir.

Vətəndaş artıq mənzili alıbsa və sonradan satmaq istəyirsə, MTK-nın həmin mənzilin bir şəxsin adından çıxarılıb digərinin adına keçirilməsi üçün vətəndaşdan əlavə ödəniş tələb etməyə heç bir haqqı yoxdur. Bu, tamamilə qanunsuz haldır və MTK-nın qanunsuz hərəkəti hesab olunur”.

O qeyd edib ki, bu problemlə bağlı vətəndaşlar müvafiq addımlar ata bilər:

“Belə hallarla qarşılaşan vətəndaşlar bununla bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edə bilərlər.

Bundan əlavə, vətəndaşlar məsələ ilə bağlı məhkəməyə də müraciət edə bilərlər. Sadəcə, məhkəmə prosesi adətən daha çox vaxt və maliyyə xərci tələb edir. Hüquqi müstəvidə mübarizə aparmaq və qanunsuz tələblərə qarşı çıxmaq vətəndaşların haqqıdır”.

Избранный
120
1
cebheinfo.az

2Источники