RU

Naxçıvanlı deputatdan PUA hücumuna sərt REAKSİYA: “Bu başıpozuqlar...”

“Naxçıvan Muxtar Respublikasının hava limanına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına dron zərbəsinin endirilməsi məsələsi aydınlaşdırılmalıdır. İranda indi başıpozuq bir vəziyyət hökm sürür. Hər hansı bir şəkildə mərkəzləşmiş idarəetmə demək olar ki, sıradan çıxıb”. 

Bu sözləri Musavat.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib. 

Deputat qeyd edib ki, Tehranın ABŞ və İsrail tərəfindən vurulması, mühüm dövlət obyektlərinin məhv edilməsi İranın artıq haradan idarə olunduğunu söyləməyə imkan vermir. Onun fikrincə, bütün hallarda Naxçıvana zərbə endirilməsi məqsədyönlü şəkildə həyata keçirilib: “Çünki qonşu dövlətləri də sanki alova bürümək xətti yeridilir. Dronların İrandan atılması ehtimalı ona görə böyükdür ki, ümumiyyətlə, İranın son hadisələrlə bağlı yürütdüyü strategiya budur. Hətta son anda vəziyyəti dəyişməyə imkanı olsa belə, özlərinin ölümü ilə fanatik bir “dindarlıq” nümunəsi göstərərək bütün bölgəni də ölümə sürükləməyə niyyətli olduqlarını ortaya qoyublar. Ona görə də bu zehniyyətlə, molla başı ilə idarə olunan dövlətlərin aqibəti həmişə belə olur. Onlarda insan həyatı ilə bağlı məsuliyyət olmaz. İnsanı ideologiyaya qurban vermək istəyən bir zehniyyət bütün bölgəni də yandırmağa həvəsli görünür”.

F.Mustafa deyib ki, körfəz ölkələrinə, Türkiyəyə, ardınca da Naxçıvana zərbə endirmək heç bir halda təsadüfə oxşamır:

“Ona görə də biz də təbii ki, müttəfiqlərimizlə məsləhətləşərək addımlarımızı atmalıyıq. Öncə biz İrandan gələn cavabları, izahatı gözləməliyik. Çünki bunun cavabı olmalıdır, bunun nə məqsədlə edildiyi aydınlaşdırılmalıdır. Ondan sonra bizim ata biləcəyimiz addımlar daha dəqiqləşəcək”.

Qeyd eədk ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi dron hücumu ilə bağlı münasibət bildirib. XİN rəsmisi Azərbaycanın AnewZ telekanalına deyib ki, Tehran qonşu ölkələri hədəf almır və bu hadisə mütləq araşdırılmalıdır. Nazir müavininin sözlərinə görə, məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir.

Etibar Seyidağa,
Musavat.com

Избранный
43
1
musavat.com

10Источники